22.11.2024, 15:01
AZ EN
11.02.2023, 21:07 357

Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb

XƏBƏRLƏR
  • Fevralın 11-də xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının böyük insan tələfatı və dağıntılara səbəb olan zəlzələ nəticəsində zərər çəkmiş Kahramanmaraş şəhərinə səfər edib. Nazir Ceyhun Bayramovu hava limanında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qarşılayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramov Türkiyə Respublikasının Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Mərkəzini, Daxili İşlər Nazirliyinin Kahramanmaraş Bölgə Mərkəzini, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin bazasını və xilasedicilərimizin fəaliyyət göstərdiyi sahəni, o cümlədən Azərbaycan tərəfindən zəlzələ zonasına göndərilmiş səhra xəstəxanasını ziyarət edib, mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb.

AFAD Mərkəzini və Daxili İşlər Nazirliyinin Kahramanmaraş Bölgə Mərkəzini ziyarət edən nazir zəlzələ bölgəsində dağıntılar altında qalmış vətəndaşların xilas edilməsi, təxliyəsi, həmçinin təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində AFAD tərəfindən görülən genişmiqyaslı işlərlə tanış olub.

Ceyhun Bayramov həmkarı Mövlud Çavuşoğlu və Türkiyənin daxili işlər naziri Süleyman Soylunun iştirak etdikləri tədbirdə çıxış edərək Türkiyə dövlətinə və xalqına başsağlığı diləklərini çatdırıb. Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu qeyd edən nazir fəlakətin ilk günündən Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmiz tərəfindən həyata keçirilən dəstək tədbirləri barədə məlumat verib.

Sonra Ceyhun Bayramov Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması, habelə dağıntılar altında qalmış vətəndaşların xilas edilməsi məqsədilə fəaliyyət göstərən FHN-in çevik xilasetmə qüvvələrinin bazasını, o cümlədən onların çalışdıqları ərazini ziyarət edib. Axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz şəkildə davam etdirən xilasedicilərimizin fəaliyyəti, indiyədək görülən işlərin nəticələri ilə tanış olan nazir zəlzələdən zərər çəkmiş şəxslərin həyatının xilas olunması istiqamətində fədakar fəaliyyətlərinə görə onlara təşəkkür edib.

Türkiyədə baş vermiş zəlzələdə xəsarət alan şəxslərə zəruri tibbi xidmətlərin göstərilməsinə dəstək məqsədilə Azərbaycan tərəfindən göndərilmiş səhra xəstəxanasını ziyarət edən nazir bütün lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunmuş bu xəstəxanada fəaliyyət göstərən həkimlərimiz ilə görüşüb. Həkimlərimizin fəaliyyəti ilə tanış olan Ceyhun Bayramov onlara bu məsuliyyətli işlərində göstərdikləri səylərə görə minnətdarlığını bildirib.

Yekunda media nümayəndələrinin iştirakı ilə təşkil olunmuş mətbuat konfransında çıxış edən nazir səfərin yekunları, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan tərəfindən göstərilmiş humanitar yardımlar, o cümlədən baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının təxliyəsi, həlak olmuş vətəndaşlarımız barədə sualları cavablandırıb. (AZƏRTAC)

Oxşar xəbərlər