Toivo Klaar Gürcüstanın İctimai kanalına açıqlamasında İrakli Qaribaşvili ilə Gürcüstanın Azərbaycan və Ermənistan arasında vasitəçilik səylərini müzakirə etdiyini bildirib.
Klaar Aİ ilə Cənubi Qafqazın üç ölkəsi arasında əməkdaşlığın daha da artacağına ümidvar olduğunu qeyd edib. Əlavə edib ki, bölgədə sülhün əldə edilməsi üçün hər üç ölkənin birgə səy göstərməsi vacibdir.
"Cənubi Qafqazın üç ölkəsinin birlikdə işləməsi və sülhü təşviq etməsi çox vacibdir və burada Azərbaycan və Ermənistan arasında körpü rolu oynayan Gürcüstan çox önəmlidir. Baş nazir və mən bu məqsədlə atılmış addımları müzakirə etdik və mən ümid edirəm ki, gələcəkdə bu istiqamətdə Aİ ilə Gürcüstan, Aİ ilə Cənubi Qafqazın üç ölkəsi arasında daha çox əməkdaşlıq olacaq”, - deyə xüsusi nümayəndə bildirib.
Toivo Klaar Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinin vacib olduğunu, Gürcüstanın hələ də müxtəlif formatlarda yüksək səviyyəli görüşlərə ev sahibliyi edə biləcəyini deyib. Əlavə edib ki, eyni məkanda yerləşən hər üç ölkə nəqliyyat, enerji, ətraf mühitin mühafizəsi kimi digər sahələrdə əməkdaşlıq etməyə çalışmalıdırlar.
“Mən bunun üçün həm indi, həm də gələcəkdə böyük potensial görürəm”, - Klaar bildirib. (APA)