Bugünkü süjetdə ermənilərin “addəyişmə terroruna” məruz qalan Aldərə, Alırzalar, Alişar, Alyurd, Allar toponimi, Aldərə hidronimi və Alladərə oronimi haqqında söz açılır.
Vurğulanır ki, bu toponimlər də ermənilərin gizli və məkrli addəyişmə planlarının qurbanı olub: “İndi hayların tarix boyu havadarların dəstəyinə güvənərək reallaşdırdıqları bu hiyləgər planların üstündən artıq qara xətt çəkilir. Çünki azərbaycanlılara məxsus yaşayış məntəqələrinin tarixində yatan keçmiş bizi buna məcbur edir”.
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, "Qərbi Azərbaycan Xronikası" layihəsinin məqsədi Azərbaycanın tarixi ərazilərinin adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin sonradan adı silinən toponimlərin, bir sıra yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.(Report)