Bunu Fransanın “Revue Conflits” saytına müsahibəsində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva deyib.
Səfir bildirib ki, hərbi əməliyyatlar başa çatdıqdan və üçtərəfli saziş imzalandıqdan sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsü ilə çıxış edib. Ölkəmiz də sülh müqaviləsinin imzalanmasını təklif etdi, biz müharibədən əvvəlki irsin kütləvi şəkildə məhv edildiyini aşkar etdikdə bu, asan qərar deyildi. Mən bu məqamı ona görə qeyd edirəm ki, hər kəsin aydın təsəvvürə malik olması vacibdir ki, üçtərəfli saziş imzalanandan ertəsi gün Azərbaycan bilirdi ki, iki ölkə arasında sülhün imzalanması haqqında belə tez danışmaq heç də asan deyil.
"Sonradan Azərbaycan və Ermənistan liderləri son iki ildə bir neçə dəfə görüşdülər, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə görüşlər oldu. Liderlərin son görüşləri Brüssel, Praqa və Soçidə keçirilib.
Ötən il hər iki ölkə sülh sazişinə nail olmağa yaxın idi. Təəssüflər olsun ki, hər dəfə iki ölkə saziş imzalamağa yaxınlaşanda bir hadisə (erməni təxribatları) bu imzalanmaya əngəl törədir. Məsələn, sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib. Ermənilər Azərbaycan ərazilərində minalar basdırmağı planlaşdırırdılar, ona görə də biz bu təcavüzə reaksiya verərək, ermənilərin Azərbaycanın mülki əhalisini hədəfə almaq üçün istifadə etdiyi, demarkasiya edilməmiş sərhəddə yerləşən strateji yüksəklikləri ələ keçirdik", - deyə o, əlavə edib. (Trend)