“Azərbaycanlı ekoaktivistlərin Laçın-Xankəndi yolundakı aksiyası tamamilə təbiidir və bütün aydın düşüncəli insanlar tərəfindən qəbul edilməlidir”. Bu fikirləri rusiyalı politoloq Segey Markov deyib. Onun sözlərinə görə, məqsəd ekoloji terrora yox demək və iqtisadi sərvətlərin talan edilməsinə son qoymaqdır. Politoloq hesab edir ki, bu talançılıq Ruben Vardanyanın Qarabağa gəlişindən sonra daha da intensivləşib. Azərbaycanın yeraltı səvətlərini özünün gəlir mənbəyi kimi görən Vardanyan Qarabağdakı qızıl və mis molibden yataqlarını vəhşicəsinə istismar edib: “Düşünürəm ki, Laçın yolu ilə nəinki Qarabağdan Ermənistana, ordan da İrana xammalla yüklənmiş yük maşınlarını silah daşınan avtomobilləri yoxlamaq lazımdır. Həmçinin Qarabağın təbii sərvətlərinin və infrastrukturunun qiymətləndirilməsi haqqında məsələ qaldırılmalıdır. Çünki nəzərə alınmalıdır ki, Ermənistan bir neçə ildən sonra Qarabağı tam tərk edəcək və tərk edərkən İkinci Qarabağ müharibəsindən sonra digər Azərbaycan torpaqlarından çıxan zaman etdiklərini edəcək. Biz xatırlayırıq: o zaman evlər, meşələr, infrastruktur kütləvi şəkildə yandırılırdı. Bu cür ekoloji cinayətlərin yenidən təkrar edilməməsi üçün öncədən qiymətləndirmə həyata keçirilməlidir”.
Sergey Markov hesab edir ki, Ermənistanın Fransa və Amerika Birləşmiş Ştatlarındakı disporu vasitəsilə Azərbaycana təzyiq göstərmək cəhdləri baş tutmayacaq.
İsrailli politoloq Mixail Finkel də hesab edir ki, azərbaycanlı ekofəalların tələbləri tamamilə haqlıdır. Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan suveren ərazilərində separatçı qüvvələrin qanunsuz iqtisadi fəaliyyət həyata keçirməsi qəbuledilməzdir: “Regionun sərvətləri talan edilir. Təbiətə ciddi ziyan vurulur. Bu səbəbdən ekoaktivistlər bütün dünyaya həyacan təbili çalırlar. Qeyd edim ki, erməni separatçıların dediklərinin əksi olaraq heç bir blokada mövcud deyil. Çünki bütün humanitar yüklərin, o cümlədən də qida, tibbi ləvazimatların keçməsinə imkan yaradılır. Yol yalnız silah və başqa qanunsuz yüklərin daşınması üçün bağlıdır. Buna görə də beynəlxalq ictimaiyyətin diqqətini ekoterrora yönəltmək vacibdir. Qarabağdakı sərvətlər yalnız Azərbaycana məxsusdur”.
Qeyd edək ki, aksiyaların bir aya yaxındır davam etməsinə baxmayaraq, beynəlxalq birlik bu dəfə də məsələyə ikili standartlarla yanaşır. Azərbaycanın haqlı mövqeyini dəstəkləmək əvəzinə, Qarabağda qanunsuz iqtisadi fəaliyyəti görməzdən gəlir.
Hazırladı: Tahirə AĞAMİRZƏ