Məlum olduğu kimi, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Amma Rusiya sülhməramlı kontingenti buna imkan yaratmadı və artıq beş gündür ki, Azərbaycan ekoaktivisləri etiraz aksiyası keçirirlər. Etirazçılar haqlı tələblərinin yerinə yetirildiyi günə qədər aksiyanı davam etdirəcəklərini bəyan ediblər.
Etiraz aksiyasının əsas məqsədlərindən biri də sülh müqaviləsinin imzalanması prosesinə mane olmaq istəyən istənilən addımın qarşısını almaqdır.
Bu fikirləri Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov açıqlamasında bildirib. O deyib ki, Azərbaycan tərəfinin etiraz aksiyası doğru yanaşmadır və sülh müqaviləsi ilə bağlı prosesə müsbət təsir göstərəcək: “Vətəndaş cəmiyyətinin nümayəndələri, QHT-lər və media nümayəndələri Azərbaycanın işğaldan azad etdiyi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə etiraz aksiyasını artıq beşinci günüdür ki, davam etdirirlər. Sözügedən ərazilərdə Azərbaycan xalqına və dövlətinə məxsus olan faydalı qazıntılar qanunsuz olaraq istismar olunur. Eyni zamanda istismar nəticəsində ekologiyamıza qarşı da ciddi zərər vurulur. Bu, Azərbaycana qarşı ekoloji terror prosesidir. Buna görə də Azərbaycan tərəfinin reaksiyası gözlənilən idi. Azərbaycan ərazisində istənilən şəxsin etiraz etmək hüququ var. İnsanlarımız bu hüquqlardan istifadə edərək sözügedən əraziyə axışıb. Azərbaycanın hər bir vətəndaşı öz etirazını bildirmək üçün həmin əraziyə getməyə hazırdır. Azərbaycan tərəfi heç vaxt ona məxsus faydalı qazıntıların qanunsuz istismarına imkan verməyəcək. Ona görə də insanlarımızın etirazına hörmətlə yanaşırıq. Dinc əhali tərəfindən keçirilən etiraz aksiyasında heç bir silahdan istifadə edilmir. Bu etiraza hansısa don geyindirmək məntiqsiz və əsassızdır”.
X.Bəşirov daha sonra əlavə edib ki, Laçın yolunun azərbaycanlılar tərəfindən bağlanması iddiası da həqiqətə uyğun deyil və reallığı əks etdirmir. Hər zamankı kimi ermənilər və onlara dəstək olan qüvvələr tərəfindən təxribat xarakterli addımlar həyata keçirilir. Etiraz aksiyasının əsas məqsədi ekoloji terrorun, həmin ərazilərə qanunsuz səfərlərin və Azərbaycanın faydalı qazıntılarının qanunsuz istismarının dayandırılmasıdır. Bununla yanaşı, sülh müvaviləsinin imzalanması prosesinə mane olmaq istəyən istənilən addımın qarşısı alınacaqdır. Sülh müqaviləsinin bağlanması prosesində Azərbaycan məntiqli addımlarını davam etdirir. Bu etiraz aksiyası da həmin məqsədə xidmət göstərən addımlardandır.
Hazırladı: Tahirə AĞAMİRZƏ