23.11.2024, 09:46
AZ EN
10.12.2022, 14:35 280

Ulu Öndər xalqın yaddaşında xilaskar dövlət xadimi, milli lider kimi qalıb

XƏBƏRLƏR
  • Ulu Öndəri özündən sonra qoyub getdiyi əvəzsiz xidmətləri, respublikamızın çiçəklənməsində, dünya arenasında tanınmasında, inkişafında böyük rolu danılmazdır. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli dövlət adamları çox olub. Onlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalıb və unudulmayıblar, hər birinin Azərbaycan tarixində öz yeri və izi olub. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlib.

Bu fikirləri  A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Tamara Rüstəmova deyib. Onun sözlərinə görə, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bildirib ki, Ulu Öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq edib: “Bu dahi şəxsiyyət Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük azərbaycanlı idi.

Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitri istedaddır, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir. Heydər Əliyev məhz ikincilərdəndir.

T.Rüstəmova qeyd edib ki, Heydər Əliyev təkcə güclü dövlət başçısı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi: “Ümummilli Lider mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti həmkarlarına nisbətən daha güclü idi. Ulu Öndər öncədən bilirdi ki, zamanında itirilmiş torpaqlarımız geri qayıdacaq. Sadəcə zamana və güclü Azərbaycan xalqının formalaşmasına ehtiyac vardı. Nəhayət, bu zaman yetişdi. Heydər Əliyevin yetirməsi və davamçısı olan İlham Əliyev atasının getdiyi yol ilə gedərək 2020-ci ildə Azərbaycan torpaqlarını geri aldı. Bu gün Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib. Təməli Ulu Öndər tərəfindən qoyulmuş hüquqi dövlət quruculuğunun Azərbaycan modeli və siyasi kursu, həmçinin ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir”. (AZƏRTAC)

Oxşar xəbərlər