Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmalarının qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyi Rusiya və Ermənistan tərəfindən vurğulanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan XİN rəhbəri Ararat Mirzoyan ilə görüşün yekunlarına dair keçirilən mətbuat konfransında bunu bildirib. S. Lavrov deyib: “Biz Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmalarının qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyini vurğuladıq. Rusiya sülhməramlı kontingentinin öz mandatını dəqiq yerinə yetirməsinin əhəmiyyətini təsdiqlədik. Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın yaradılması, sərhədyanı bölgədə etimadın və sabitliyin möhkəmləndirilməsi də daxil olmaqla, liderlərimiz səviyyəsində müzakirə olunan məsələlərə toxunduq. Bildiyiniz kimi, prinsipial razılaşmaya ötən ilin noyabrında Soçidə nail olunub, bunu üç lider mətbuat konfransında elan ediblər”. S.Lavrovun fikrincə, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın yaradılması üçün heç bir maneə yoxdur.
Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına kömək etməyə hazır olduğunu qeyd edən RF XİN başçısı deyib ki, bu prosesə başlamaq üçün Bakı və Yerevana hansı formada kömək edə biləcəyimiz barədə danışdıq.
O vurğulayıb ki, Rusiya Yerevan ilə Ankara arasında əlaqələrin normallaşdırılması prosesini alqışlayır. Bu, bütövlükdə bizim regionda vəziyyətin yaxşılaşdırılmasına kömək etməlidir. S.Lavrov Cənubi Qafqazın üç ölkəsinin, həmçinin Rusiya, İran və Türkiyənin daxil olduğu “3+3” konsultativ regional platformasının uğurla işə salınmasının vacibliyinə diqqət çəkib.
“Bu platformanın Cənubi Qafqazın bütün ölkələri ilə onların qonşuları arasında dialoqun qurulması və çoxplanlı əməkdaşlığın inkişafı üçün əlavə imkanlar açması barədə fikirlərimiz üst-üstə düşür. Biz gürcü həmkarlarımızın bu perspektiv formata bilavasitə qoşulmalarında öz marağımızı təsdiqləmişik”, - deyə rusiyalı nazir əlavə edib.
ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə sualı cavablandıran RF XİN başçısı bildirib ki, Fransa və ABŞ qrupda iştirakdan imtina edərək, bu formatda Rusiya ilə ünsiyyət saxlamayacaqlarını bildiriblər. (AZƏRTAC)