22.05.2024, 01:45
AZ EN
08.12.2022, 14:27 275

Tehrandan Ermənistana milyardlar axır

XƏBƏRLƏR

Bu ilin yanvar-oktyabr aylarında İranla Ermənistan arasında ticaərt dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 45, 3 faiz artıb. Əgər 2021-ci ilin yanvar-oktyabr aylarında iki ölkə arasında  ticarət dövriyyəsi 390 milyon dollar olmuşdusa, bu ilin ilk on ayında bu göstərici 565,6 milyon dollara qalxıb. Məlumatı yayan Ermənistan  iqtisadiyyat nazirinin müavini Armen Arzumanyan bildirib ki, artım Ermənistandan İrana ixracatın  artırılması sahəsində  baş verib.  Yəni İran öz bazarlarını Ermənistan mallarının üzünə  açıb. Arzumanyan  iki ölkə arasında  illik ticarət dövriyyəsinin tezliklə 3 milyard dollara qədər qaldırılacağını da iddia edib. İki ölkə arasında ticarət dövriyyəsinin 3 milyard dollara qaldırılması təklifi İrandan gəlib və ilk dəfə İranın prezidenti İbrahim  Rəisi tərəfindən Ermənistan baş naziri Nikol Paşinyanla söhbəti zamanı bildirilib. Rəisi hətta İranın  bu istiqamətdə konkret addımlar  atdığını da vurğulayıb. İki ölkə arasındakı gömrük statistikası göstərir ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra İranla Ermənistan arasında ticarət dövriyyəsi  kəskin artmağa başlayıb.  Əgər 2020-ci ildən əvvəl Ermənistanla İran arasında ticarət dövriyyəsi  300 milyon dollar ətrafında dəyişirdisə, İkinci Qarabağ müharibəsinin getdiyi 2020-c ildə 400 milyon dollara qalxdı və 2021-ci ildə 500 milyon dollar oldu. Rəqəmlər göstərir ki,  2022-ci ildə  600 milyon dolları  keçəcək. Əksər ekspertlər İranın  Ermənistanla ticarət dövriyyəsini artırmasını  rəsmi Tehranın Zəngəzur  dəhlizinə qarşı çıxması ilə izah edirlər.Yəni, İran Ermənistana  müəyyən prefensiyalar təqdim edib ki, İrəvan Zəngəzur dəhlizindən  intina etsin.  Özü də bu prefersiyalar Rusiyanın Ermənistandakı maraqları hesabına edilir. Məsələn, Ermənistan  İrandan aldığı təbii  qazın həcmini iki dəfə  artırmağı qərara alıb.  İndiyə kimi Ermənistan İrandan ildə orta hesabla  400 milyon kubmetrə yaxın qaz alırdı. Yəni, bu ildən həmin həcmlər  800 milyon kubmetrə qalxacaq.  Təbii ki, bununla da Ermənistan  Rusiyadan aldığı qazın  həcmini 400 kubmetr azaldacaq. Özü də İran  satdığı qazın əvəzinə  nağd dollar istəmir və əvəzində Ermənistandan elektrik enerjisi alır. Tehranın bu məsələdə Rusiyanın maraqlarını tapdaması bununla bitmir. Sirr deyil ki, Zəngəzur  dəhlizinin benefisiyaları arasında  birinci sırada Rusiya dayanır. 2022-ci ildə Rusiyanın qeyri-neft  ixracı 25 milyard dollar azalıb.  Yəni, Rusiya  25 miliyard dollarlıq taxta, metal və ərzaq  məhsullarını məhz Zəngəzur dəhlizi ilə nəql edərək Türkiyə limanları  vasitəsilə Yaxın Şərq bazarlarına  çıxarmaq istəyir. Rusiya bu dəhlizə nəzarəti əldə etməklə məhz bu ixracatı öz zəmanəti altına  almaq istəyir. İran isə Rusiyanı özünün həyata keçirdiyi və  nə vaxta hazır olacağı bilinməyən  Şimal-Cənub marşrutundan  asılı vəziyyətə salmaq  niyyətindədir.  Zəngəzur dəhlizinin 110 kilometrlik Azərbaycan hissəsində isə artıq  işlərin 61  faizi görülüb.  Yəni, yolun 35  kilometrlik Ermənistan hissəsində işlər görülməlidir ki, bu da  rəsmi İrəvanın razılaşmasından sonra mümkündür. Əslində Zəngəzur dəhlizi  işləyərsə, Ermənistan da böyük gəlirlər əldə edə bilər. Ermənistanın iqtisadiyyat naziri  Vahan Kerebyanın sözlərinə görə,  dəhlizin işə düşməsi ilə iki il ərzində Ermənistanın ümumi milli gəliri 30 faiz  artacaq.  2021-ci ildə  Ermənistanın ümumi  milli gəliri 14 milyard dolar ətrafında olub.Yəni bu hesablamalara görə Ermənistan əhalisinin gəlirləri  ildə 4 milyard  dollara qədər arta bilər. Lakin Paşinyan  və komandası sırf  Tehranın qorxusundan  Ermənistanı bu gəlirlərdən məhrum edirlər. Səbəbini isə yalnız Paşinyan və ona müəyyən vədlər vermiş Rəisi bilir.

Hazırladı: Tahirə AĞAMİRZƏ    

Oxşar xəbərlər