1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da hiddətləndirdi və 1990-cı ilin yanvar ayının 19-da Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçıları və dinc sakin qətlə yetirildi. Amma bu qırğınlar xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi.
1990-cı il seçkilərində AXC rəhbərlərinin əksəriyyəti Ali Sovetin deputat mandatını qazandı və Demokratik Blok adlı fraksiya yaradıldı. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. 1992-ci ilin iyununda isə AXC hakimiyyətə gəldi. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan çıxarlıdı.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda böyük tarixi addım idi. Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində böyük addım atdı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldıraraq milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcını qoydu.
Beləliklə, Milli Dirçəliş günü 1992-ci ilin noyabr ayının 17-də elan edildi.
Artıq ikinci ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi bir şəraitdə qeyd olunur. Belə ki, 2020-ci il sentyabr ayının 27-dən başlayaraq ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında qalan torpaqlarımız azad edildi. 30 ilə yaxın düşmən tapdağı altında qalan doğma yurd yerlərimizdə Azərbaycanın şanlı bayrağı yenidən dalğalanmağa başladı.
Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən iş günü sayılır.
Mina RƏŞİD