Milli Məclisin deputatı Ülvi Quliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşadakı çıxışının böyük tarixi əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyib: “Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada hərbçilərimiz qarşısında etdiyi çıxışı ciddi mesajlarla zəngindir. Dövlətimizin başçısı Ermənistanla yanaşı, tarixi Qələbəmizi hələ də həzm edə bilməyən xarici dairələrə, o cümlədən Ermənistana açıq-aşkar himayədarlıq edən ölkələrə elə konkret mesajlar ünvanladı ki, onlar öz kəsərinə görə Vətən müharibəsindəki Dəmir Yumruğun sərt üzünü bir daha xatırlatmış oldu. Başqa sözlə, Şuşadan verilən mesajlar həmin Dəmir Yumruğun diplomatik ekvivalenti kimi də dəyərləndirilə bilər. Azərbaycan Prezidentinin mesajları beynəlxalq auditoriyada ona görə geniş əks-səda doğurub ki, onların hər birinin arxasında 44 günlük Zəfər salnaməsi və Müzəffər Ali Baş Komandanımızın ali siyasi iradəsi dayanır. Prezident İlham Əliyev məhz bu reallıqdan çıxış edərək, bədxahlarımızdan heç birini cavabsız qoymadı: “Dediyim bütün bu sözlərin bir mənbəyi var-həm bizim güclü iradəmiz, həm də Vətən müharibəsindəki Qələbəmiz! Bu Qələbə imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək”.
Millət vəkili sonra qeyd edib ki, Azərbaycan Prezidentinin Şuşadakı çıxışı və verdiyi mesajlar cəmiyyətimiz tərəfindən ona görə təqdir olunur ki, bu mesajların hər biri xalqımızın qəlbindən keçənlərlə və ictimai dəyərləndirmələrlə eynilik təşkil edir. Dövlətimizin başçısının qətiyyətli mövqeyinin arxasında, heç şübhəsiz ki, siyasi iradə və Qələbə amili ilə yanaşı, həm də bu cür inamlı mövqenin xalqımız tərəfindən yekdilliklə dəstəklənməsi amili, bu amilin söykəndiyi xalq-iqtidar birliyi dayanır. Prezident İlham Əliyev elə bu tarixi gerçəkliyə söykənərək, həm Ermənistana, həm də ona açıq və ya gizli şəkildə havadarlıq edən dairələrə sərt mesaj verdi: “Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir. Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik. Əgər biz kimdənsə qorxsaydıq, heç vaxt İkinci Qarabağ müharibəsinə start verməzdik”.
Artıq bir çoxları üçün sirr deyil ki, Ermənistanın hazırkı ağır ictimai-siyasi vəziyyətinin səbəblərindən biri də onun de-fakto müstəqil olmamasıdır. Ermənistanın ənənəvi siyasəti həmişə ona köklənib ki, hansısa xarici gücün forpostu statusunu qazansın və bu statusdan yararlanaraq qonşularına, ilk növbədə, Azərbaycana qarşı ərazi iddialarını həyata keçirsin. Görəndə ki, ondan siyasi maşa kimi istifadə edənin əli artıq zəifləyib və buna görə əlavə, yaxud, yeni hami əlinə ehtiyacı var, özünü daha ağır duruma salır. Çünki maşanı saxlayan əllər fərqli olduğu kimi, bu əl sahiblərinin maraqları da fərqlidir, bir-biri ilə kəskin ziddiyyət təşkil edir. Ona görə də Ermənistanın hami axtarışı ilə bağlı xain və etibarsız siyasətinin qurbanı erməni cəmiyyəti olur. Ağır hərbi məğlubiyyət nəticəsində mifləri darmadağın edilmiş Ermənistan rəhbərliyi hami axtarışında çabaladıqca, “bataqlığa” daha çox batır. Elə bu səbəbdən, Azərbaycan Prezidenti erməni cəmiyyətinə reallığı düzgün qiymətləndirməsi üçün bu mesajı verdi: “Onlar bu, otuz ilin işğalının acılarını indi görürlər. İşğal nədir, itki nədir, indi görürlər... Onlar bunu anlamalıdırlar ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər”.
Ermənistanda hələ də revanş hissi ilə yaşayan siyasi zümrənin və onu kənardan qızışdıran dairələrin mövcudluğu məlumdur. Nə qədər paradoksal səslənsə də, Qərbdə bəzi dairələrin əyninə güclə demokrat libasını geyindirmək istədikləri N.Paşinyan məğlubiyyətdən sonra da elə açıqlamalar verir ki, bu, onun müharibədən əvvəl Şuşada səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını bir daha yada salır. Bəzilərinin zorla demokrat düzəltmək istədikləri N.Paşinyan təklif edir ki, Rusiya sülhməramlıları Qarabağda 10, 15, 20 il və ya qeyri-məhdud müddətdə qalsın. Onun bu təklifi Ermənistandakı revanşist siyasi camiənin mövqeyindən heç nə ilə fərqlənmir. Elə bu səbəbdən, Prezident İlham Əliyev məhz Şuşada Ermənistan rəhbərliyinə və onun xaricdəki himayədarlarına açıq mətnlə bu mesajı göndərdi: “Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.
Təəssüf ki, bölgəmizə oyun meydançası kimi baxanlar, məhz Cənubi Qafqaz üzərindən siyasi dividend qazanmaq və bununla da beynəlxalq konyukturada mövqeyini gücləndirmək istəyənlər arasında Fransa rəsmiləri də var. Bu ölkənin qatı ermənipərəst mövqeyi sülh təşəbbüslərindəki niyyətlərinin səmimiliyinə və ədalət anlayışına kölgə saldığı üçün, Azərbaycan Prezidenti onlara da gərəkli olan mesajı verdi: “Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur”.
Azərbaycan Prezidentinin bu mesajı da cəmiyyətimiz tərəfindən xüsusi rəğbətlə qarşılandı. Çünki xalqımız müharibənin elə ilk günlərində Fransadan gələn “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” bəyanatını, Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması haqda” qətnamələrini, müharibədən sonra verilən antiazərbaycan ruhlu bəyanat və müsahibələri unutmayıb. Onların unudulacağını gözləyənlər isə kökündən yanılırlar. Xalqımızın bundan sonra unutmayacağı eyni mövqeni, təəssüf ki, İran İslam Respublikası da sərgilədi. Ortaq dini dəyərləri bölüşdüyümüz, hər zaman səmimi qonşuluq etdiyimiz və əksini düşünmək üçün heç bir əsas vermədiyimiz bir müsəlman ölkəsi məscidləri, dini dəyərlərimizi, hətta qəbirlərimizi təhqir edən işğalçı Ermənistana dəstək verdi. Əslində, görünən odur ki, İslam dəyərlərinin arxasında dini əqidədən daha çox siyasi maraqlar dayandıqda, dini təəssübkeşliyin və ortaq dəyərlərin unudulması da qaçılmaz olur. Hətta Allahın haqlının yanında olmaq buyruğu da unudulur. Elə buna görə də, Azərbaycan Prezidentinin verdiyi növbəti mesaj cəmiyyətimizdə ictimai düşüncəyə hakim olan fikirləri tam şəkildə ifadə etdi: “Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur”. Dövlətimizin başçısı Ermənistana dəstək ifadəsi olaraq sərhədlərimizdə hərbi təlim keçirən, əslində isə əzələ nümayişi göstərən qonşularımıza bu mesajı da verdi: “Bizim Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz”.
Ülvi Quliyev daha sonra bildirib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın haqlı istək və tələblərini erməni cəmiyyətinin diqqətinə bir daha çatdırdı: Ermənistan rəhbərliyi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü bütün öhdəlikləri tam həcmdə yerinə yetirməli, erməni silahlı birləşmələrinin qalıqlarını Qarabağdan çıxarmalı, Zəngəzur dəhlizinin açılmasını təmin etməli və Azərbaycanın beynəlxalq hüquq normaları əsasında irəli sürdüyü beş təməl prinsipini qeyd-şərtsiz qəbul edərək sülh müqaviləsini imzalamalıdır. Bu gün süni şəkildə vaxt uzatmağa və bununla da sülh müqaviləsinin imzalanmasını yubatmağa çalışan, yeni hami axtarışında olan, gah Vaşinqton-Brüssel arasındakı düz yolu seçən, gah da Paris-Moskva-Tehran siyasi üçbucağında vurnuxan Ermənistan rəhbərliyi bilməlidir ki, əks təqdirdə, Azərbaycan Prezidentinin xəbərdarlığından irəli gələn bu reallıqla üzləşməli olacaq: “13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir. Bütün bunlar reallıqdır. Bu reallıqları biz yaratmışıq, Vətən müharibəsindən sonra. Nə üçün? İlk növbədə, Ermənistanın hərbi təxribatlarına cavab olaraq, digər tərəfdən, özümüzü gələcək hərbi təxribatlardan sığortalamaq üçün. Çünki dediyim yüksəkliklərdən Ermənistanın əksər postları görünür və əgər orada qüvvələrin konsentrasiyası baş verərsə, biz bunu görüb dərhal tədbir görəcəyik. Eyni zamanda, ona görə ki, Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirmir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur”.
Buradan da göründüyü kimi, Ermənistan rəhbərliyi və hamiləri, ilk növbədə isə yaşadığı bütün faciələrin ağırlığını çiynində çəkən erməni cəmiyyəti bilməlidir ki, qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında onların istənilən seçiminə hazırdır və bugünkü Ordumuz iki il əvvəlkindən də güclüdür. Ən başlıcası, Azərbaycan xalqı bir nəfər kimi öz Prezidentinin və Ordusunun yanındadır!
Hazırladı: Tahirə AĞAMİRZƏ