"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilir ki, güclü qar fırtınası və duman səbəbindən Sünikdəki Zəngər-Qorayk yolu bütün növ nəqliyyat vasitələri üçün bağlanıb. Həmçinin Gürcüstanla sərhədində yerləşən Ninotsminda-Bavra keçid məntəqəsinə gedən yol da hərəkət müvəqqəti olaraq dayanıb.
Xatırladaq ki, Gürcüstandan Ermənistana gələn magistral yolun bağlanması son bir ildə əvvəlki dövrlə müqayisədə daha tez-tez müşahidə olunur. Sonuncu belə hal fevralın ikinci ongünlüyünün əvvəlində qeydə alınıb. Ermənistan "Telegram" kanallarının yaydığı məlumata görə, fevralın 12-dən Gürcüstanla sərhəddə tətbiq edilən məhdudiyyətlər bir həftədən çox davam edib. Belə ki, həmin tarixdən etibarən Gürcüstan tərəfi Ermənistana gedən yük maşınlarını sərhəddən buraxılışına icazə verməyib. Nəticədə Rusiyadan Ermənistana taxta məhsulları daşıyan 100-dək yük maşını bir həftədən çox Gürcüstanla sərhəddə qalıb. Rəsmi məlumatlarda yollardakı məhdudiyyətlər hava şəraiti ilə əlaqələndirilsə də, sürücüçər fərqli fikirlər söyləyirlər. Gürcüstanla sərhəddə sənədlərinin müsadirə olunduğunu iddia edən sürücülər həftələrlə davam edən məhdudiyyətlərin əsil səbəbləri barədə dəqiq məlumat öyrənə bilmədiklərindən şikayətlənir.
Elxan SALAHOV