22.12.2024, 19:30
AZ EN
06.11.2022, 08:08 395

Prezident İlham Əliyevin qətiyyəti Azərbaycanın və bütün regionun tarixini yaxşıya doğru dəyişdi

XƏBƏRLƏR
  • Noyabrın 8-də Azərbaycan ikinci Qarabağ müharibəsində tarixi qələbəsini qeyd edir. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində növbəti təxribatına cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına başlayıb. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının, hökumətinin və ordusunun birliyi düşməni diz çökdürdü. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasəti sayəsində dəmir yumruq kimi birləşən Azərbaycan xalqı bütün dünyaya özünün gücünü göstərərək Ermənistan ordusunun “məğlubedilməzliyi” mifini darmadağın etdi. Bu gün bütün dünya Azərbaycan əsgərlərinin qəhrəmanlığından danışır.

Ermənilər guya keçilməz "Ohanyan xətti" haqqında mif yaratmışdılar. Lakin Azərbaycan ordusu onu çox tez məhv etdi. Azərbaycan ordusunun qüdrətini görən ermənilər qaçarkən nəinki silah-sursat, hərbi texnika, həm də hərbçi yoldaşlarının cəsədlərini qoyub qaçırdılar.

Bu qələbə Azərbaycan xalqının həmrəyliyinin, müstəqil Azərbaycanın iqtisadi qüdrətinin, Azərbaycan övladlarının qəhrəmanlığının, qorxusuzluğunun, əzmkarlığının və mərdliyinin təntənəsi idi. Bundan sonra bütün dünya əsrlər boyu Azərbaycanın qəhrəmanlarından, qüdrətindən danışacaq.

"Caspian Group Holding"in baş direktoru Rob Sobhani bildirib ki, Azərbaycanın qələbəsi Prezident İlham Əliyevin qətiyyətli və balanslaşdırılmış siyasətinin nəticəsidir.

Onun fikrincə, Qarabağın erməni işğalından azad edilməsinin ildönümü Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyətinin Azərbaycanın və bütün regionun tarixini yaxşıya doğru necə dəyişdirdiyinin parlaq xatirəsidir.

"Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağın azad edilməsi ilə bağlı müdrik qərarını onun ilkin istəyi - Ermənistanla münaqişəni sülh yolu ilə həll etmək kontekstində dəyərləndirilməlidir. Ermənistan işğal etdiyi əraziləri təslim etməkdən imtina edəndə, Qərb dövlətləri isə onu sülhə razılaşmağa məcbur edə bilməyəndə və 2020-ci il sentyabrın 27-də Ermənistan növbəti dəfə Azərbaycana qarşı təxribat törədəndə o zaman Prezident İlham Əliyev Azərbaycan xalqının mənafeyi naminə Qarabağın azad edilməsi barədə tarixi qərar verdi", - deyə R.Sobhani bildirib.

R.Sobhani Prezident İlham Əliyevin böyük müdrikliyini və Qarabağın işğaldan azad edilməsi səylərində müasir texnologiyalardan istifadəyə inamını qeyd edib.

Kanada Beynəlxalq Münasibətlər İnstitutunun elmi əməkdaşı Robert M. Katler öz növbəsində qeyd edib ki, Azərbaycanın qələbəsi Cənubi Qafqazda əsaslı dəyişikliklərin başlanğıcı olub.

Onun sözlərinə görə, bu dəyişikliklər möhtəşəmdir.

"44 günlük müharibənin başa çatmasının ikinci ildönümündə qətiyyətlə demək olar ki, Azərbaycanın qələbəsi Cənubi Qafqazın inkişafında hələ də tükənməmiş əsaslı dəyişikliklərin başlanğıcı oldu. Bununla belə, Ermənistanın hərəkətləri nəticəsində regionda çətin vəziyyət davam edir", - deyə Robert M. Katler bildirib.

Onun sözlərinə görə, bu vəziyyətdə Qərb dövlətləri üçün ən konstruktiv siyasət Ermənistanı Azərbaycanla hərtərəfli sülh müqaviləsi imzalamağa sövq etmək üçün konkret addımlar atmaq olardı.

Həmsöhbətlərimiz əmindirlər ki, 8 noyabr 2020-ci il bütün Cənubi Qafqaz üçün əsaslı və dönməz dəyişikliklərin başlandığı tarix olub və bu dəyişikliklər regiona yalnız sülh, sabitlik, proqnozlaşdırıla bilənlik və inkişaf gətirir. Ekspertlərin bəhs etdiyi yeni reallıq həm Azərbaycan, həm Cənubi Qafqazın digər ölkələri, hətta Ermənistan üçün də yeni imkanların geniş meydanıdır. 30 illik münaqişənin və Azərbaycan ərazilərinin işğalının tarixi indi əməkdaşlıq və perspektivlər dövrünün başlanğıcına çevrilir. Regiondakı bu vəziyyəti ərazilərimizin işğaldan azad edilməsi kimi tarixi missiyanı yerinə yetirməklə yanaşı, Cənubi Qafqazda ümidsiz kimi görünən dağılmış iqtisadi, nəqliyyat və digər əlaqələri sözün əsl mənasında yenidən dirçəltmiş Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev yaradıb.

Azərbaycana gəlincə, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda milyonlarla azərbaycanlının ətrafında birləşdiyi bir lider kimi Prezident İlham Əliyevin şəxsiyyəti amili məhz Qələbəmizdə həlledici rol oynadı. Azərbaycan Prezidenti həm insanları öz ətrafında birləşdirdi, həm də uğurun təməlini qoydu: sabit və inkişaf edən iqtisadiyyat yaradıldı, ölkənin Silahlı Qüvvələri köklü şəkildə modernləşdirildi, Azərbaycanın beynəlxalq aləmdə imici əhəmiyyətli dərəcədə artdı. Bütün bunlar Azərbaycanın qələbəsinin açarı oldu. ("Trend")

Oxşar xəbərlər