21.09.2024, 08:43
AZ EN
28.01.2022, 17:55 169

Azərbaycan ilə İran arasında dostluq, qardaşlıq əlaqələrinin yeni səhifəsi açılır

XƏBƏRLƏR

“Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranıb. Müharibədən sonra İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət alıb”. Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini yanvarın 25-də videoformatda qəbul edərkən belə deyib.

Dövlətimizin başçısı İran nümayəndə heyətinin Azərbaycana səfərini azad edilmiş torpaqlardan başlamasından məmnunluğunu ifadə edib. Nümayəndə heyətinin İrandan birbaşa Füzuliyə, Füzuli Beynəlxalq Hava Limanına təyyarə ilə gəldiyini, həm Füzulidə, həm Zəngilanda olduğunu vur­ğulayaraq bunu çox yüksək qiymətləndirdiyini bildirib.

Prezident İlham Əliyev Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanların yarandığını qeyd edərək deyib: “Müharibədən sonra İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət almışdır. Regional əməkdaşlığın yaradılması üçün hazırda çox ümidverici 3+3 əməkdaşlıq platforması yaradılmışdır. Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntəzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək. Eyni zamanda, əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar. İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verildi, İran tərəfi ilə ilkin danışıqlar aparıldı və indi konkret nəticələr gözləyirik”.

İranlı qonaqların azad edilmiş torpaqlarda olan dağıntıları öz gözləri ilə gördüklərini vurğulayan Azərbaycan dövlətinin başçısı Ermənistanın işğalı dövründə bütün şəhər və kəndlərimizin yerlə-yeksan edildiyini xatırladaraq deyib: “Ona görə bu böyük ərazidə - 10 min kvadratkilometrdən böyük olan ərazidə indi quruculuq işlərinə start verildi, amma gördüyünüz kimi, bu, çox genişmiqyaslı bir işdir. Yüzlərlə şəhər və kənd demək olar ki, yer üzündən silinib. Bərpa işlərinə start verildi və dediyim kimi, ümid edirəm ki, İran şirkətləri bu işlərdə fəal iştirak edəcəklər”.

İran nümayəndə heyətinin Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə də tanış olduğunu qeyd edən Prezident İlham Əliyev deyib ki, həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir və Ermənistandan da müsbət xəbərlər alınır. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır.

Dövlətimizin başçısı deyib: “Bir sözlə, ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq. Əlbəttə ki, İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir”.

Prezident İlham Əliyev Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması, Xudafərin Su Elektrik stansiyalarının inşa edilməsi, Astaraçay üzərində körpünün inşa edilməsi və digər məsələlər barədə Baş nazirin müavini Şahin Mustafayevlə İran nümayəndə heyəti arasında müzakirə aparıldığını, bunların  hökumətlərarası komissiyanın işində prioritetlər sırasında olacağını xatırladıb. Noyabrın sonlarında İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə keçirdiyi görüşün çox uğurlu və əhəmiyyətli olduğunu, İran-Azərbaycan əlaqələri üçün yeni imkanlar açdığını qeyd edən Prezident İlham Əliyev bunu ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yeni səhifəsinin açılması kimi dəyərləndirib.

İranlı nazir Rüstəm Qasimi İran dövləti və İran xalqı adından şəxsən Prezident İlham Əliyevə, Azərbaycan dövlətinə, Azərbaycan xalqına ərazilərin geri qaytarılmasında əldə elən uğurlar və bu müharibədə qazanılan Qələbə münasibətilə təbrik çatdırıb. İran və Azərbaycan prezidentləri arasında keçirilən görüşün iki ölkənin münasibətlərində yeni bir səhifə yaradacağını vurğulayan Rüstəm Qasimi deyib:  “Biz dünən azad edilmiş əraziləri gördük, orada aparılan quruculuq və yenidənqurma işləri ilə yerində tanış olduq. Ümid edirəm ki, bu gün cənab Şahin Mustafayevlə və eləcə də Azərbaycan Respublikasının digər nazirləri ilə keçirəcəyim görüşlərdə iki ölkə arasındakı əlaqələr və müştərək layihələr barədə bir daha fikir mübadiləsi aparacağıq”.

Rüstəm Qasimi ölkəsinin 10-cu hökuməti, yəni, İbrahim Rəisinin prezidentliyi dövründə İran dövlətinin bütün qonşu ölkələrlə, xüsusilə də mədəni, tarixi və ictimai bağları daha çox olan Azərbaycan Respublikası dövləti və xalqı ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.

İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin ölkəmizə səfərnin əhəmiyyəti,  Azərbaycan və İran arasında enerji, sənaye, tranzit, kənd təsərrüfatı və digər sahələrdə yeni layihələrin müzakirəsi, həmçinin Astaraçay üzərində yeni avtomobil körpüsünün təməli qoyulması bu həftənin mühün hadisəsi kimi siyasi ekspertlərin diqqət mərkəzində olub.

Milli Məclisin deputatı Azər Badamov bu məsələləri şərh edərkən deyib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbə ilə yaratdığı yeni reallıq region ölkələri tərəfindən qəbul olunur.

"İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyətinin Füzuli Beynəlxalq Hava Limanına uçuş etməsi və Zəngilana səfər etməsi də bu konteksdə yüksək dəyərləndirilir. Azərbaycan bütün qonşu ölkələr ilə səmimi qonşuluq münasibətlərində olmaq və əməkdaşlıq platformalarını genişləndirmək niyyətindədir. O cümlədən, İran Azərbaycanın yaxın qonşusu, xüsusilə, mədəni, tarixi və ictimai bağları ilə daha yaxın olan bir ölkədir. Keçən ilin noyabrında cənab Prezident İlham Əliyevin İran Prezidenti İbrahim Rəisi ilə görüşü və görüşdə ölkələrimiz arasındakı münasibətlərin inkişafına müsbət impuls verən müzakirələri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açmışdır. Azərbaycanla İran arasında əməkdaşlıq etmək üçün istifadə olunmamış potensial çox genişdir. Cənab Rüstəm Qaseminin səfəri çərçivəsində Astaraçay üzərində yeni avtomobil körpüsünün və piyada keçidinin tikilməsi ilə bağlı sənəd imzalanmışdır. "Xudafərin" Su Elektrik Stansiyasının inşa edilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması müzakirə olunan mövzularda prioritet olmuşdur. Azərbaycanın İranla yükdaşımalarının həcmi sürətlə artmaqdadır. Qeyd etdiyim Astaraçay körpüsünün yenidən tikilməsi ölkələrimizin tranzit imkanlarını genişləndirəcəkdir. O cümlədən, İran nümayəndə heyəti Zəngilan rayonuna səfəri çərçivəsində Zəngəzur dəhlizinin tərkib hissəsi olaraq inşa etdiyimiz nəqliyyat layihələri ilə tanış olmuşdur. İran yeni reallığa uyğun yaratdığımız 3+3 formatında iştirak edir və Zəngəzur dəhlizinin açılışı bu istiqamətdə region ölkələrin eyni platformada əməkdaşlıq etmək imkanlarını genişləndirəcəkdir", - deyə deputat qeyd edib.

O bildirib ki, həmçinin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərində, investisya layihələrinin icrasında İran şirkətləri də iştirak etməkdə maraqlıdır.

"Düşünürəm ki, regionda yaratdığımız yeni reallıq qonşu dövlətlər tərəfindən yüksək dəyərləndirilir, bu, regionda əməkdaşlıq və təhlükəsiz mühitin formalaşmasına töhfə verəcəkdir", - o qeyd edib.

"Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev isə Trend-ə açıqlamasında bildirib ki, Vətən müharibəsi və keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllindən az sonra Azərbaycan - İran münasibətlərində yeni mərhələ başladı.

"Azərbaycanın erməni işğal və təcavüz faktına son qoyması regionda dövlətlərarası əməkdaşlıq imkanlarını xeyli genişləndirdi və ona prinsipcə yeni xarakter verdi. Çox yaxşı haldır ki, qonşu İran dövlətinin rəhbərliyi bölgəmizdə müharibədən sonra açılmış daha geniş əməkdaşlıq imkanlarına real qiymət verə bilir və yaranmış vəziyyətdən regional əməkdaşlığı genişləndirmək üçün səmərəli istifadə edir.

İnkar edilə bilməz ki, hazırda Azərbaycan - İran əməkdaşlığı daha dinamik və genişlənən xətt üzrə gedir. Azərbaycan-İran əməkdaşlığı hazırkı məzmununa görə müharibədən əvvəlki dövrlə müqayisədə daha geniş, çoxşaxəli və sürətlidir. Yüksək səviyyəli münasibətlər Azərbaycanın qalibiyyətli müharibə ilə bölgədə yaratdığı yeni reallıqların və iki ölkə rəhbərliyinin yeni imkanlara tam real baxa bilmələrinin nəticəsidir. Azərbaycan- İran əlaqələri tarixdə hələ heç vaxt indiki səviy­yədə olmayıb. Milli, dini, humanitar və tarixi eyniliklərə malik iki ölkənin əlaqələrinin daha dərindən inkişafına on illər boyu Ermənistanın təcavüzkar siyasəti mane olurdu. Hazırda qonşu İran dövləti Azərbaycanla hərtərəfli əlaqələrini sırf iki ölkənin maraqları üzərində qurur ki, bu da daha böyük perspektivlər vəd edir", - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan - İran münasibətlərinin iqtisadi, nəqliyyat, logistika və tranzit imkanları heç vaxt olmadığı qədər genişlənib. Təcavüzkar Ermənistanın pozucu siyasətinin əsasən aradan qaldırılması iki ölkənin əməkdaşlığında yeni istiqamətlər açdı.

"Azad edilmiş Azərbaycan rayonlarında İranın investisiya fəaliyyətləri üçün açılmış imkanlar demək olar ki, tam yeni istiqamətdir. Ərazilərimizin bərpasında İranın özəl və dövlət sektorunun iştirakı iki ölkənin münasibətlərini daha da zənginləşdirəcək. İki ölkənin sərhədində qanunsuz işğal rejiminə son qoyulması Azərbaycan və İran üçün həm də müstəsna əhəmiyyətli, daha möhkəm təhlükəsizlik məsələsidir. İranın yol və şəhərsalma nazirinin Azərbaycana səfərinin işğaldan yeni azad edilmiş rayonlardan başlaması tarixi, praktik və rəmzi əhəmiyyət daşıyan hadisədir.

İran-Azərbaycan münasibətlərindəki yeni dövr Şimal-Cənub dəhlizində əməkdaşlığın daha da genişləndirilməsinə müsbət təsir göstərir. Astaraçay üzərində yeni körpünun salınması belə imkanların hələ genişlənəcəyini göstərir. Qonşu İranla Azərbaycanın genişlənməkdə olan əlaqələri hamıya faydalı olan "3+3" formatının reallaşma imkanlarını daha da artırır. Azərbaycan-İran əlaqələrinin hərtərəfli xarakter alması bölgəmizdə erməni revanşizminin pozuculuq və yeni müharibə risklərini də xeyli zəiflədə bilər.

Vətən müharibəsindən sonra Azərbaycan - İran əməkdaşlığı daha uzaq perspektivli yola çıxıb", - deyə A.Quliyev əlavə edib.

Yanvarın 25-dən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfər etməsi də əlamətdar hadisədir. İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin dəvəti ilə gerçəkləşən səfər zamanı Azərbaycanın müdafiə naziri bu ölkənin bir sıra dövlət rəsmiləri ilə görüşüb.

Yanvarın 26-da İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İran Prezidenti xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını, Azərbaycan-İran ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini vur­ğulayan İran İslam Respublikasının Prezidenti dostluq və qardaşlıq münasibətlərinin qarşıdakı illərdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin salamlarını Prezident Seyid İbrahim Rəisiyə çatdırıb.

Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbəmizdən sonra azad edilmiş ərazilərimizdə görülən işlər barədə məlumat verib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

“İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb. Azərbaycanın ərazilərini işğaldan azad etməsi İranı sevindirir. Biz öz ölkəmizin ərazi bütövlüyü kimi, Azərbaycanın da ərazi bütövlüyünə həssaslıqla yanaşırıq”. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmmədhüseyn Baqeri deyib.

O bildirib ki, İran Azərbaycan ilə hərbi sahədə əməkdaşlıqda maraqlıdır. Təcrübə mübadiləsi üçün qarşılıqlı səfərləri artırmaq lazımdır. İran ordusu hərbi-tibbi və hərbi-texniki sahələrdə əməkdaşlıq imkanlarına malikdir. Qarşılıqlı əməkdaşlıq hər iki dövlətin ordusunun daha da güclənməsinə töhfə verə bilər.

Məhəmmədhüseyn Baqeri qeyd edib ki, İran heç vaxt öz ərazisindən Azərbaycan əleyhinə istifadə olunmasına icazə verməz. İran Azərbaycan Prezidentinin regionda “3+3” formatında əməkdaşlıq əlaqələrinin qurulması təklifini dəstəkləyir. Bölgə dövlətləri regiondakı problemləri həll etmək imkanına malikdir.

“Biz birmənalı şəkildə bəyan edirik ki, İran hər zaman Azərbaycanın yanında olacaq”, - deyən general-leytenant Məhəmmədhüseyn Baqeri Azərbaycanın İran üçün dost və qardaş dövlət olduğunu bildirib.

Oxşar xəbərlər