Ona yalnız "Böyük Ermənistan" virusunun genetik daşıyıcılarında deyil, onlarla təmasda olan xaricilərdə və hətta bəzi azərbaycanlılarda da rast gəlinə bilər. Elə ki, rəsmi Bakı beynəlxalq aləmdə hansısa uğur qazanır, bu xəstəlik dərhal residiv verir.
Belə məlum olur ki, ötən gün Vaşinqtonda Prezident İlham Əliyevin qaldığı hotelin qarşısında təxribata cəhd göstərənlər də öz ölkəsinə qarşı patoloji düşmənçiliyə yoluxmuş azərbaycanlılardır. Əks halda onların bu aqressiv, etik çərçivələrdən uzaq hərəkətlərinə dərhal ABŞ ermənilərinin ANCA (Armenian National Committee of America) təşkilatından və Azərbaycan düşməni kimi ad çıxarmış, konqresmen Frenk Pallonedən dəstək gəlməzdi.
Bilməyənlər üçün deyək ki, erməni lobbisinin maliyyəsi hesabına özünü Azərbaycan əleyhinə fəaliyyətə həsr etmiş bu ünsür 1992-ci ildə ABŞ-də qəbul olunmuş "Azadlığa dəstək aktı"na bədnam 907-ci düzəlişin müəlliflərindən biri, Azərbaycan torpaqlarının işğalını dəstəkləyən, işğal zamanı ərazilərimizə qanunsuz səfər edən, Xocalı soyqırımını inkar edən konqresmendir. Bu isə o deməkdir ki, Pallone dünənki təxribatı törədənlərə dəstəyi onlara canı yandığından deyil, Azərbaycana qarşı düşmənçilik xəstəliyinin baş qaldırması səbəbindən verib.
F.Palloninin hadisəyə bu qədər operativ reaksiya verməsi isə planın qabaqcadan hazırlanmasından xəbər verir. Dolayısıyla, ANCA və Pallonenin sinxron reaksiyası həm təxribatı törədənlərin, həm də ona dəstək verənlərin eyni cəbhədə yer aldıqlarını, hətta vahid mərkəzdən idarə olunduqlarını da demək üçün kifayət qədər əsas verir.
Diqqət çəkən digər məqam isə insidenti törədən şahmat dili ilə desək piyadaların davranışlarıdır. Dünya liderlərinin toplaşdığı tədbirlər zamanı etiraz və ya dəstək aksiyalarının keçirilməsi qəbul edilmiş normal təcrübədir. Dünən Vaşinqtonda Azərbaycan Prezidentinin qaldığı hotelə soxulmağa çalışanların isə əslində hansısa aksiya iştirakçısı deyil, yaxşı təlimatlandırılmış təxribatçı olduqları açıq-aydın göründü.
ABŞ kimi bir ölkədə aksiya keçirmək istəyənlərin bunu təhlükəsizlik qaydalarına uyğun şəkildə rahat həyata keçirə bildiyi halda, hotelin ətrafında yaradılmış təhlükəsizlik perimetrini zorla pozmaq, qeyri-etik ifadələr işlətmək, təhrikedici və zorakı hərəkətlər etməklə, içəri soxulmağa cəhd etmək nə üçün lazım idi? Cavab yəqin ki, aydındır – diqqəti özünə çəkmək, bu səhnələşdirilmiş təxribatın qarşısını almağa borclu olan təhlükəsizlik əməkdaşlarını zorakılıqda ittiham etmək və bundan Azərbaycanın əleyhinə faydalanmaq.
Elə bir həftə bundan əvvəl Münxen təhlükəsizlik konfransı zamanı vaxtilə törətdiyi cinayətlərə görə Azərbaycandan qaçmış Emin Hüseynovun təxribat cəhdləri də eyni məqsədə xidmət edirdi.
Nə sifarişçilər dəyişib, nə də dəstxət. Azərbaycan "Avroviziya" musiqi yarışında qalib olanda da belə idi, Birinci Avropa Oyunlarını keçirəndə də, torpaqlarını işğaldan azad edəndə də, COP29-a ev sahibliyi edəndə də.
İndi isə Azərbaycan Prezident İlham Əliyev yeni dünya nizamının qurulmasında liderlərin ön sıralarında yer alıb. Vaşinqtona səfəri də bununla bağlı idi. Hələ qarşıdan Ümumdünya Şəhərsalma Forumu gəlir - WUF13-ə ev sahibliyini Bakı edəcək. Deməli Azərbaycana qarşı patoloji düşmənçilik xəstəliyinin daşıyıcıları yenə residiv yaşamalı olacaqlar.
Yeri gəlmişkən, "residiv" termini hüquq elmində də istifadə olunur. Təkrar cinayət törədənlərə "residivist" deyirlər. Onların cəzası daha ağır olur. (Report)