Tədbirin əvvəlində Ermənistanın Azərbaycana qarşı həbi təcavüzü nəticəsində şəhid olmuş bütün şəxslərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı İctimai Birliyin sədri Könül Behbudova açaraq Xocalı soyqırımı və dəyirmi masanın məqsədi barədə qısa məlumat verib.
Bildirilib ki, Xocalı soyqırımı zamanı bir gecədə 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca olub. 8 ailə tamailə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, aralarında 76 uşağın da olduğu 487 nəfər yaralanıb.
Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov çıxışında 1988-ci ildən etibarən Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı, o cümlədən Xocalı soyqırımı ərəfəsində və şəhərin işğalı zamanı törədilən cinayət əməllərindən ətraflı bəhs edib.
Qeyd olunub ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımı aktına siyasi-hüquqi qiymət yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra verilib. 1994-cü ilin fevralında Milli Məclis Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Həmçinin bildirilib ki, azərbaycanlılara qarşı zaman-zaman törədilən soyqırımı ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Diqqətə çatırılıb ki, Xocalı faciəsi barədə məlumatların dünya ictimaiyyətinin diqqətinə çatdırılması və soyqırımı kimi tanımasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ilin may ayında təsis edilmiş "Xocalıya ədalət!" kampaniyası mühüm rol oynayıb.
Tədbirdə çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov 01.01.2026-cı il tarixə olan məlumata əsasən, Xocalı soyqırımı zamanı 210 nəfərin itkin düşmüş şəxs kimi Dövlət Komissiyanda qeydiyyata alındığını, onlardan 168 nəfərinin mülki şəxslər, 42 nəfərinin isə şəhərin özünümüdafiə dəstəsinin üzvləri olduğunu qeyd edib. Bildirilib ki, mülki şəxslərin arasında 38 nəfər uşaq (23 oğlan, 15 qız), 57 nəfər qadın (15 yaşlı qadın), 30 nəfər qoca da var.
E.Səmədov Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Prezident İlham Əliyev tərəfindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsinin Dövlət Komissiyasının qarşısında vacib vəzifə kimi müəyyən edildiyini bildirib.
Qeyd edib ki, 2021-ci ilin fevral ayından etibarən həyata keçirilən axtarış-qazıntı və ekshumasiya prosesində 831 itkin şəxsə aid ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb. Həmçinin proses nəticəsində işğaldan azad edilmiş ərazillərdə 32 kütləvi məzarlıq aşkarlanıb. Aşkarlanmış kütləvi məzarlıqlardan 252 nəfərə aid ehtimal edilən meyit qalıqları ekshumasiya edilib.
Aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş 220 nəfərin şəxsiyyəti eynişləşdirilərək ictimaiyyətə açıqlanıb, ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər. Şəxsiyyəti eyniləşdirilən 220 nəfərdən 24 nəfəri Xocalı soyqırımı zamanı itkin düşmüş vətəndaşlardır.
Xüsusi ilə vurğulanıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi məqsədilə 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb baş idarəsində Genetik araşdırmalar mərkəzi yaradılıb.
Qeyd olunub ki, itkin düşmüş vətəndaşların taleyinin müəyyən olnması üçün hazırda Dövlət Komissiyası tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlər davam etdirilir.
Tədbirdə Xocalı sakinləri olan itkin ailələrinin üzvləri, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rzazadə, politoloq Zaur İbrahimli, hüquqşünas Fariz Əkbərov, "Qazilər" saytının rəhbəri Rey Kərimoğlu, "QHT.az" saytının rəhbəri Cəsarət Hüseynzadə çıxış edərək Xocalı soyqırımı zamanı törədilmiş cinayət əməlləri, Vətən müharibəsində əldə edilmiş böyük zəfər, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən böyük tikinti-quruculuq və bərpa işləri barədə ətraflı məlumat veriblər.
Tədbir iştirakçıları, o cümlədən itkin ailələrinin üzvləri Ermənistanı itkin düşmüş şəxslərin məzar yerləri barədə məlumatları Azərbaycana təqdim etməyə çağıraraq, bu addımın itkin şəxslərin taleyinin müəyyən edilməsinə, həmçinin hazırda həyata keçirilən sülh prosesinə mühüm töhfə verəcəyini bildiriblər. (Report)