Çoxdan müşahidə olunub ki, erməni cəmiyyətində məsələnin mahiyyətini diqqətdən kənarda qoyaraq sözlərə hədsiz əhəmiyyət verirlər. Ermənilərin nəzərində forma çox vaxt məzmundan daha vacib olur.
Sadə bir misal göstərək. Birinci Dünya müharibəsində ermənilərin və həmçinin türk xalqının da məruz qaldığı faciə, hər iki xalqın insan tələfatının miqyasına baxmayaraq, sözün hüquqi mənasında soyqırımı deyil, heç vaxt soyqırımı hesab olunmayıb və hesab olunmayacaq. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (AİHM) “Doğu Perinçek İsveçrəyə qarşı” işi üzrə qərarında açıq-aydın göstərilib ki, soyqırımı cinayətinin meyarları çox məhdud olduğuna görə, bu faktı müəyyən etmək olduqca çətindir. Eyni zamanda, “erməni soyqırımı” fərziyyəsinin fakt deyil, şəxsi rəy olmasını təsdiqləyən bir sıra inandırıcı dəlillər göstərilib və hər kəsin öz rəyini bildirmək hüququ var. “Erməni soyqırımı” frazasını, istəsəniz, milyon dəfə təkrar etmək, bu mövzuda yüzlərlə məqalə və monoqrafiya yazmaq olar. Bununla o, soyqırımı olmayacaq. Faciə - bəli, olub; birtərəfli olmayan qətllər – olub; qırğın, yenə də ikitərəfli – Allah xatirinə, əlbəttə, olub! Lakin soyqırımı olmayıb. Həmin illərdə ermənilərin və türklərin həyatlarını itirməsini məhz qətliam aktı kimi tövsif etmək üçün ciddi hüquqi meyarlar olmalıdır, bu meyarların ən vacibi beynəlxalq tribunalın verdiktidir. Belə bir verdikt isə yoxdur və olmayacaq.
Məhz bu səbəbdən yəhudilərin və Sinti qaraçılarının Holokostu, Bosniya müsəlmanlarının və ruandalı tutsilərin qırılması soyqırımı aktları kimi tanınıb, bu barədə Nürnberqdən başlamış Haaqaya qədər ali beynəlxalq məhkəmə orqanlarının qərarları var.
Vəssalam! O uzaq illərdə ermənilərin məruz qaldığı məhrumiyyətləri necə istəsəniz adlandırmaq olar, amma soyqırımı adlandırmaq olmaz. Onlar isə bu sözdən yapışıblar və ondan əl çəkmirlər: “Biz faciəmizin soyqırımı adlandırılmasını istəyirik, vəssalam!”, “Soyqırımı uğrunda!”, “Soyqırımının tanınması ilə bağlı parlament qətnamələrinin qəbul edilməsi üzrə beşillik planı artıraq”.
Uzaq keçmişdəki hadisələri “qırğın” adlandırsan, inciyəcəklər, ermənicə “mets yeqern” desən, yenə kədərlənəcəklər. Amma “soyqırımı” desən onlar sevincdən rəqs etməyə başlayacaqlar, sanki bu söz həmin illərdə həyatlarını itirənlərin – həm ermənilərin, həm də türklərin, kürdlərin, çərkəzlərin, lazların və Şərqi Anadoluda məskunlaşan bir sıra başqa xalqların ruhunu sakitləşdirəcək. Axı biz pişiyə “it” desək, o, miyoldamaq əvəzinə hürməyəcək. Kimlərinsə ruhunu oxşayan “erməni soyqırımı” frazasını gündə yüz dəfə təkrarlasan da, o, soyqırımı olmayacaq. Belə təsəvvür yaranır ki, bu söz onlarda əsəb sistemini sakitləşdirir, müəyyən daxili məmnunluq yaradır.
Moskvada aspiranturada oxuduğum illərlə bağlı bir epizod yadıma düşdü. 1990-cı illərin əvvəli, Qaydarın islahatlarının ən qızğın vaxtıdır. Mağazaların piştaxtaları boşdur, ərzaq mağazalarına növbələrin uzunluğu bəlkə kilometrə çatır, yarım kömbə qara çörək üçün dava-dalaş düşür. Yox, mən mübaliğə etmirəm – bütün bunlar mənim gözümün qabağında baş verib. Haradansa təxminən 300 qram mal əti tapmışdım - qastronom müdiri olan tanışımın bütün ailəsinin okeanın o tayına və ya İsrailə (burasını dəqiq xatırlamıram) mühacirət etməsi üçün zəruri olan bir mühüm sənədi ingilis dilinə tərcümə etməyimə görə mənə qonorar kimi vermişdi - onu beş ədəd kartofla qızartdım. Qızardılmış mal ətinin və kartofun ətri Moskva Dövlət Universitetinin Vorobyovı Qorıdakı yataqxanasının dəhlizini bürümüşdü. Birdən qapı döyüldü, daim ac-yalavac olan hindistanlı kurs yoldaşım otağa daxil oldu. Soruşdu: “Nə qızardırsan?” Dedim: “Siz indusların dininə görə haram sayılan şeydir – mal əti”. O, başını qaşıdı və dedi: “Sən mənə de ki, bu, mal əti deyil”. “Bəs, nədir?”, – deyə təəccübləndim. “De ki, bu, balıq və ya hind toyuğudur, amma bərkdən de ki, sənin qışqırmağından qorxum və inanım”.
Nə isə, onu inandırdım ki, mal əti – quş ətidir. O da onlardan ötrü qadağan olunmuş qidanı məmnuniyyətlə çeynəyərək, induizmin bütün normalarını sevinclə pozdu.
Bizim başabəla qonşularımız da belədir. 1915-ci ildə baş verənlərin soyqırımı deyil, şəxsi rəy olmasını hətta Avropa İnsan Haqları Məhkəməsi də öz verdiktində müəyyən edib. Amma ermənilərə desən ki, bu, “soyqırımı”dır, onlar rahatlanacaq, bəzən də şənlənəcəklər. Onlar bu sözü xoşlayırlar. Bu, bir növ soyqırımı filiyasıdır.
Lakin elə şeylər də var ki, onların heç xoşuna gəlmir. Məsələn, “dəhliz” sözü. Prezident İlham Əliyev “Zəngəzur dəhlizi” frazasını deyən kimi, ermənilər arasında isterika başlayır. Rusiya Federasiyası XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu günlərdə dedi ki, Rusiyada bu yolu “marşrut” adlandırırlar, ermənilər dərhal sakitləşdilər.
Yaxşı, “marşrut” deyirsiniz, “marşrut” olsun. Siz “marşrut” deyin, biz – “dəhliz”. Bununla nə dəyişəcək, axı əhəmiyyətli olan söz deyil, onun mahiyyətidir.
İstəyirsiniz onu ümumiyyətlə heç cür adlandırmayaq. Bu sözə çatanda gözümüzü qırpaq. Oldumu?