"Vətən səsi" xəbər verir ki, hər iki ölkənin media resurslarında yayılan məlumata görə, görüş gərgin atmosferdə keçib. Simonyan bildirib ki, Ermənistan Moskvanın əleyhinə heç bir addım atmayıb və atmaq niyyətində də deyil. Onun sözlərinə görə, Ermənistanda Rusiyanı düşmən kimi qəbul etmək yanaşması yoxdur və olmayacaq.
Ermənistan parlamentinin sədri rəsmi Moskvanın İrəvana qarşı soyuq və narazı münasibətinə işarə edərək vurğulayıb ki, Kremlin çətiri altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 44 günlük müharibə zamanı Paşinyan hökumətinin gözləntilərini doğrultmayıb. O, qeyd edib ki, İrəvanın KTMT ilə bağlı hələ də cavabsız qalan sualları var. Bununla belə, KTMT-də fəaliyyətini donduran Ermənistan Rusiyanın təşəbbüsü və birbaşa dəstəyi ilə yaradılan Avrasiya İqtisadi İttifaqından çıxmaq niyyətində deyil.
Sergey Lavrov isə Ermənistan parlamentinin sədrinə cavab olaraq bildirib ki, Avropa İttifaqına üzvlük Avrasiya İqtisadi İttifaqında iştirakla uyğun gəlmir. Onun sözlərinə görə, Ermənistan iki təşkilat qarşısında seçimini etməli və onlardan biri ilə əməkdaşlığı dayandırmalıdır: "Rusiya Ermənistanın edəcəyi seçimi hörmətlə qarşılayacaq".
Kifayət qədər gərgin atmosferdə keçən görüşdə Lavrov Ermənistanın nümaqyəndə heyətinə Qərblə yaxınlaşmasının fəsadları barədə xəbərdarlıq etməkdən də çəkinməyib. O, hətta ənənəvi müttəfiqlərlə əməkdaşlığın zərərinə olan Qərblə yaxınlaşmağın təhlükəsini ermənistanlı qonaqlarına izah edib: "Biz iki ölkə arasındakı aktual məsələlər ətrafında səmimi və konkret fikir mübadiləsi aparırıq. Ermənistan Rusiya Federasiyasının müttəfiqi və strateji tərəfdaşıdır. Rusiya tərəfi Moskva ilə İrəvan arasında hərbi-siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin gücləndirilməsinə yönəlmiş təşəbbüslərin sürətlə reallaşdırılmasına hazırdır. Strateji tərəfdaş kimi bu və digər aktual məsələlər xüsusilə ehtiyatlı olmağı, uzun illər qarşılıqlı ertimada əsaslanaraq mövcud olmuş əlaqələlərə zərər verilməməlidir".
Sergey Lavrov İki ölkə arasında davam edən soyuq münasibətlərdən danışarkən diplomatik ifadələrdən daha çox istifadə edib. Bununla belə bəzi məqamlarda danlaq tonunda danışmaqdan da çəkinməyib. O, bildirib ki, Moskva Ermənistan rəhbərliyindən Rusiya ilə əlaqələrin mövcud səviyyəsini qorumaq istəyi barədə bəyanatlar eşidir. Lakin o əlavə edib ki, Avropa İttifaqından olan həmkarlar bunun tam əksi istiqamətində fəaliyyət göstərir və tərəfləri daimi seçim qarşısında qoyurlar: "Ya bizimlə, ya onlarla".
Ermənistan nümayəndə heyətinin Moskvada belə qarşılanması, Lavrovla görüşün gərgin atmosferdə keçməsi Simonyanı da narahat edib. O, vurğulayıb ki, mövcud münasibətlər fonunda belə bir mövqe düzgün olmazdı.
Elxan SALAHOV