"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan mediada Azərbaycandan şəkər idxalı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. O, qeyd edib ki, Azərbaycandan Ermənistana şəkər ixracı ilə bağlı məsələ tam şəkildə müəyyənləşdirilməyib: "Azərbaycandan şəkər idxalı ilə bağlı məsələni hazırda şərh edə bilmərəm".
Bununla belə, erməni nazir təsdiqləyib ki, Azərbaycanla Ermənistan arasında digər malların idxalı və ixracı məsələlərinə dair müəyyən müzakirələr aparılıb. Onun sözlərinə görə, tərəflər qarşılıqlı olaraq ixrac və idxal siyahıları mübadiləsi aparıblar: "Papoyan qeyd edib ki, təqdim olunan siyahılar hər iki ölkədə müvafiq zavodlara göndərilib və eyni yanaşma Ermənistan tərəfindən də tətbiq edilib".
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan hökuməti Azərbaycandan şəkər tozu almaq istədiyini açıqlamışdı. "Hraparak" nəşrinin yaydığı məlumata görə, Baş nazir Nikol Paşinyana yaxınlığı ilə tanınan oliqarx Samvel Aleksanyan bu məsələ ilə maraqlandığını və bu arzusunu tezliklə gerçəkləşdirəcəyini gizlətməyib. O, hətta Ermənistanda şəkər idxalı inhisarçısı kimi bu məsələni hökumətin ən yuxarı dairələri ilə razılaşdırdığını söyləmişdi.
Ötən il Azərbaycan Ermənistana 788,8 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana ilk mərhələdə 1220 ton "Aİ-95" markalı avtomobil yanacağı göndərilib. Daha sonra bu il yanvarın 9-da Ermənistan Azərbaycandan 1742 ton “Aİ-95” markalı benzin və 956 ton dizel, yanvarın 11-də isə 979 ton “Aİ-92” markalı avtomobil yanacağı idxal edib. Ermənistandan Azərbaycana isə indiyədək hər hansı məhsul ixracı həyata keçirilməyib.
Elxan SALAHOV