31.01.2026, 12:23
AZ EN
30.01.2026, 17:40 110

ABŞ-ın vitse-prezidenti Ermənistana gəlir

XƏBƏRLƏR
  • ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaz regionuna çoxdan planlaşdırılan səfərinin vaxtı məlum olub. O, fevralın 9-da Ermənistana səfər edəcək.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, səfər çərçivəsində müasir müdafiə vasitələri, hərbi texnologiyalar və birgə təlim proqramları vasitəsilə Ermənistan ordusunun gücləndirilməsi məsələlərinin əsas müzakirə mövzularından biri olacağı gözlənilir. Bununla yanaşı, danışıqlarda enerji şəbəkələrinin modernləşdirilməsi və yeni istehsal güclərinin yaradılması yolu ilə ölkənin enerji müstəqilliyinin təmin edilməsi perspektivləri də nəzərdən keçiriləcək.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Vensin Azərbaycana da səfər edəcəyini bildirmişdi. Mütəxəssislərin fikrincə, onun bölgəyə səfəri Azərbaycanla Ermənistan arasında sülh və kommunikasiya xətlərinin açılması istiqamətində atılan addımları sürətləndirəcək. Belə ki,  ötən ilin avqustunda Vaşinqtonda əldə edilən razılaşma əsasında "Tramp marşrutu"nun (Zəngəzur dəhlizi) tikintisi ilə bağlı İrəvanda və Bakıda çox ciddi müzakirələr aparacağı gözlənilir. Əslində Azərbaycan tərəfi bu məsələdə öz üzərinə düşən bütün işləri tamamlamaq üzrə olsa da, Ermənistanda bu sahədə irəliləyiş yoxdur. Rəsmi İrəvan hələ də layihələndirmə, əraziyə baxış, 42 kilometrlik dəmir və avtomobil yolunun çəkiləcəyi ərazilərlə bağlı sadəcə danışırlar. Halbuki ABŞ və Azərbaycan "Tramp marşrutu" ilə bağlı məsələlərin mümkün qədər qısa müddətdə həll edilməsində maraqlıdır. Vensin Ermənistana səfərində bu mövzular ətrafında danışıqların aparılacağı gözlənilir.

Elxan SALAHOV

Oxşar xəbərlər