"Vətən səsi" erməni əsilli alim özünün teleqram kanalı vasitəsilə yayımladığı şərhində Vaşinton və İrəvan arasında Zəngəzur dəhlizinin hansı şərtlərlə razılaşdırıldığından söhbət açılır. Artur Xaçikyan iddia edir ki, ABŞ-ın təklif etdiyi "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur dəhlizi çox da uzaq olmayan gələcəkdə Ermənistan tam şəkildə Azərbaycanın tabeliyinə salınması ilə nəticələnəcək böyük geosiyasi planın tərkib hissəsidir. O, özünün gəldiyi bu nəticəni beynəlxalq siyasi güclərin keçmişdə Misirlə bağlı əldə etdiyi bəzi mühüm razılaşmalarla müqayisəli şəkildə sistemləşdirib. Həmin şərhi oxuculara təqdim edirik:
1. Misirdə 1858-ci ildə Süveyş Kanalı Şirkəti ( La Compagnie Universelle du Canal Maritime de Suez və ya Universal Suez Ship Canal Company ) təsis edildi. Səhmlərin 52–54%-i Fransaya, 44%-i isə Misirə, Said Paşaya məxsus idi. Nəzarət paketi Fransanın əlində idi. Ermənistanda isə 2025-ci ildə Zəngəzur TRIPP-Korridoru şirkəti yaradıldı. Səhmlərin 74%-i amerikalılara, 26%-i isə Ermənistana məxsusdur.
2. Misirdə 1875-ci ildə İsmayıl Paşa özünə məxsus 44%-lik payı İngiltərəyə satdı və İngiltərə Süveyş kanalının ən böyük sahibi oldu. Fransanın payı isə ikinci yerdə qaldı. Ermənistanda isə X məqamında ABŞ öz payının müəyyən hissəsini üçüncü ölkəyə sata bilər, böyük ehtimalla Azərbaycana və ya Türkiyəyə. Beləliklə, onlar Zəngəzur dəhlizinin sahiblərinə çevriləcəklər.
3. 1882-ci ildə İngiltərə Misiri müstəmləkəyə çevirdi və Süveyş kanalı boyunca öz qoşunlarını və hərbi istehkamlarını yerləşdirdi. İngilis qüvvələri Misirdə 1956-cı ilə qədər 74 il ərzində qaldı. Ermənistanda isə X məqamında Azərbaycan və Türkiyə qoşunları Zəngəzurda yerləşdirilə bilər və onlar orada daimi olaraq qalacaqlar.
4. 1956-cı ildə Misir öz suverenliyini bərpa etmək və kanalı geri almaq tələbini irəli sürdü. Bundan sonra İngiltərə, Fransa və İsrail “Muşketyor” əməliyyatına başladılar və qoşunlarını Misirə yeridərək 9 gün davam edən müharibəyə start verdilər. Yalnız ABŞ və SSRİ-nin müdaxiləsi müharibəni dayandırdı və Misiri xilas etdi. Ermənistan isə tam şəkildə Azərbaycanın və Türkiyənin tabeliyinə düşəcək və Zəngəzur dəhlizi üzərində nəzarəti bir daha heç vaxt geri qaytara bilməyəcək. Buna ediləcək istənilən cəhd Türkiyə və Azərbaycanın hərbi cavabı ilə nəticələnəcək və bütün Ermənistanın udulmasına gətirib çıxaracaq. Nə ABŞ, nə də Avropa Ermənistana müdaxilə etməyəcək və onu müdafiə etməyəcək, çünki onların burada strateji maraqları yoxdur.
Elxan SALAHOV