"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanda müxalif yönümlü fəaliyyəti ilə seçilən "Hraparak" nəşri məlumat yayıb. Bildirilir ki, Paşinyan hökumətinə yaxın oliqarx Samvel Aleksanyan bu məsələ ilə maraqlanır və onun arzusu tezliklə gerçəkləşəcək. Nəşr yazır ki, Ermənistan parlamentinin keçmiş üzvü və şəkər idxalı inhisarçısı olan Aleksanyan hökumətin ən yuxarı dairələri ilə məsələni razılaşdırıb. Qeyd olunur ki, Ermənistanın Azərbaycandan benzin və dizel yanacağı ilə pararlel şəkər tozu idxal etməsi bazarda rəqabət imkanlarını genişləndirməklə bu məhsulun da qiymətini ucuzlaşdıra bilər.
"Əldə etdiyimiz məlumata görə, bu məsələyə hakimiyyətin sevimli oliqarxı, şəkər idxalının monopolisti Samvel Aleksanyan maraq göstərir, yaxın gələcəkdə onun bu növbəti istəyi də gerçəkləşəcək. Azərbaycan vasitəsilə idxal edən şirkət də Samvel Aleksanyana məxsusdur. Benzin idxalçıları arasında isə iş adamının həyat yoldaşının qardaşı Samvel Mkrtçyana məxsus şirkət də yer alır”, deyə erməni nəşri vurğulayıb.
Xatırladaq ki, Azərbaycandan taxıl idxal edən şirkət də Samvel Aleksanyana məxsusdur. Benzin idxalçıları arasında isə iş adamının yeznəsi Samvel Mkrtçyana məxsus "Shisha World" MMC də var. Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq, ötən ilin noyabrında tranzitlə taxıl göndərilib. Dekabrın 18-də isə Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb və artıq bir neçə dəfə məhsul partiyaları bu ölkəyə göndərilib. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır. Xüsusilə Azərbaycandan benzin və dizel yanacağının idxalından sonra Ermənistanda həmin məhsulların qiymətində əhəmiyyətli dərəcədə ucuzlaşma baş verib.
Elxan SALAHOV