15.01.2026, 11:34
AZ EN
15.01.2026, 10:14 39

Zəngəzur dəhlizi: xəyallar gerçək olur

XƏBƏRLƏR
  • ABŞ-la Ermənistanın "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur dəhlizi ilə bağlı qəbul edilən bəyanat İrəvan və Bakı arasında qurulmuş sülhün institutsional səviyyəyə çatdırılmasında böyük, həm də vacib təməl daşıdır.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Dünən Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio və Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanın "Tramp Marşrutu" layihəsi ilə bağlı imzaladığı bəyanatı şərh edən Paşinyan belə bir anlaşmanın əldə edilməsində Azərbaycan tərəfinin müsəsna xidmətlərini xüsusi qeyd edib. Onun sözlərinə görə, məhz Azərbaycan prezidentinin təşəbbüsü ilə başlanan etimad quruculuğu prosesi təkcə Bakı və İrəvan arasında deyil, bütövlükdə Cənubi Qafqaz regionunda münasibətlərə yeni nəfəs gətirib: "Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan hökumətlərinin sərhəd komissiyaları işləyir, gözlədiyimizdən də yüksək tempdə irəliləyirik. Çünki Vaşinqton Bəyannaməsi ilə Ermənistan üçün regional kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi və Ermənistan üçün qarşılıqlı imkanların yaradılması barədə razılaşma etmişik. Proqnozumuz budur ki, Ermənistan xarici dünya ilə dəmir yolu əlaqəsi əldə edəcək. Məncə, bu, baş verdi, hətta Ermənistan və beynəlxalq ictimaiyyətin gözlədiyindən çox daha erkən. Artıq Ermənistan-Azərbaycan ikitərəfli ticarət əməliyyatları gözləniləndən çox daha əvvəl baş verdi. Elə Azərbaycan üçün də iqütisadi sahədə əməkdaşlıq gözləniləndən tez reallaşdı".

Paşinyan vurğulayıb ki, "Tramp Marşrutu" layihəsinin həyata keçirilməsi və icra prosesində ortaya çıxa biləcək məsələlərin həlli formulunun tapılması Ermənistan və ABŞ-la yanaşı, Azərbaycanı tam qane edir.Onun sözlərinə görə, rəsmi Bakı "Tramp Marşrutu" layihəsi ilə bağlı ABŞ və Ermənistan arasında imzalanmış bəyanata hələlik reaksiya verməyib, lakin təklif olunan formulun Azərbaycanın maraqlarına uyğun olduğuna tərəflər əmindir: "Fikrimizcə, "Tramp Marşrutu" layihəsinin reallaşdırılması məsələsində həm Ermənistanı və ABŞ-ı, həm də Azərbaycanı tam qane edən formul işlənib hazırlanıb. Əminik ki, bu layihənin reallaşdırılması regionda uzunmüddətli sülhə yol açacaq. Artıq bu gün region, xüsusilə dünyada baş verən hadisələrin fonunda daha təhlükəsiz bir mühiti təmsil edir".

Paşinyan layihənin ön plana çıxmasında ABŞ Prezidenti Donald Trampın şəxsən maraqlı olmasının həlledici rol oynadığını vurğulayıb.

Xatırladaq ki, yanvarın 14-də ABŞ Dövlət katibi Marko Rubio və Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan arasında "TRIPP yolu" layihəsi ilə bağlı daha bir bəyanat imzalanıb. Həmin sənəd layihənin icra çərçivəsini müəyyən edir. Marko Rubio deyib ki, layihənin icra mexanizmi beş ay əvvəl Azərbaycan, ABŞ, Ermənistan liderlərinin imzaladığı tarixi sülh sammitinin qoyduğu öhdəliklərə əsaslanır.

Elxan SALAHOV

Oxşar xəbərlər