18.01.2026, 15:31
AZ EN
07.01.2026, 13:38 200

Ermənistan Azərbaycanla ticarətə hazırlaşır

XƏBƏRLƏR
  • Ermənistan hökuməti Azərbaycanla sülh quruculuğu prosesini dərinləşdirdikcə Bakı ilə iqtisadi sahədə əməkdaşlıq imkanlarını axtarmağa, ticarət əlaqələri yaratmağa daha çox maraq göstərəcək.

“Vətən səsi” xəbər verir ki, bunu erməni iqtisadçı Qaqik Makaryan Ermənistandan Azərbaycana hansı malların idxal oluna biləcəyi ilə bağlı yerli mətbuata açıqlamasında bildirib. O, jurnalistlərlə söhbətində deyib ki, 2025-ci ilin sonlarına yaxın Azərbaycan vasitəsilə xaricdən Ermənistana yük qatarlarının gediş-gəlişinə icazə verilməsi, Bakıdan İrəvana neft məhsullarının ixracı iki ölkə arasında ticarət əlaqələrinin qurulmasını da gündəmə gətirib. Onun sözlərinə görə, Bakı və İrəvan arasında ticarət əlaqələrinin qurulması üçün Azərbaycan bazarında ehtiyac duyduğu malların müəyyən edilməsi vacib şərtlərdəndir: “Məsələn, Ermənistandan Azərbaycana tikinti materialları ixrac oluna bilər. Çünki Ermənistanda tikinti materiallarının istehsalı üçün çox yaxşı Avropa texnologiyalarından istifadə olunur. Qatarla bağlı problem olmasa, böyük həcmdə tikinti materiallar ixrac edilə bilər. Azərbaycan bazarı Ermənistan şərablarının çeşidləri və meyvə araqlarının satışı üçün də cəlbedicidir. Ermənistandan Azərbaycana müxtəlif növ konservləşdirilmiş məhsullar da ixrac oluna bilər. Nəzərə alsaq ki, azərbaycanlılar çay həvəskarıdır, onda mürəbbə satışı da mümkündür”.

Qaqik Makaryan vurğulayıb ki, Ermənistanın bəzi Avropa ölkələri üçün istehsal etdiyi tikiş sektoruna aid məhsullara da Azərbaycan bazarında tələbat böyükdür. Amma onun fikrincə, bu və ya digər məhsulların ticarətini həyata keçirmək üçün Azərbaycan bazarındakı tələb və təklif ciddi şəkildə öyrənilməli və bundan sonra ixrac əməliyyatlarının təşkili məqsədilə qarşı tərəflə danışıqlar aparılmalıdır: “Həm Azərbaycanın, həm də Ermənistanın idxal-ixrac imkanları öyrənildikdən sonra ticarət əlaqələrinin qurulması hər iki tərəfə fayda gətirəcək. Hesab edirəm ki, Ermənistandan Azərbaycana siqaret, şokalat, şirniyyat, hətta dərman preparatları, elektrik və elektron avadanlıqları da ixrac oluna bilər. Qarşılıqlı münasibətlərin inkişafından asılı olaraq gələcəkdə hər iki tərəfdə ticarət əlaqələrini genişləndirmək və məhsulların seşidlərini artırmaq mümkündür”.

Makaryan Azərbaycanın Ermənistan üçün böyük bazar ola biləcəyini vurğulayıb. O,  Ermənistanın Azərbaycana ixrac edə biləcəyi mallar siyahısına kənd təsərrüfatı məhsulları, alüminium folqa, qızıl-zinət əşyalarını da əlavə edib: “Sülh olsa, iqtisadi və ticarət əlaqələri də qurula bilər. Azərbaycan böyük bir ölkədir, buna görə Ermənistan bazarından ən azı üç dəfə böyükdür. Azərbaycanla sülh müqaviləsi imzalanandan sonra sərhədlərin açılması və yükdaşımaların dəmir yolu ilə həyata keçirilməsi çox geniş imkanlar yaradır”.

Xatırladaq ki, Azərbaycan dekabrın 19-da Ermənistana 1300 ton həcmində Aİ-95 benzini tədarük edib. Ermənistandan ölkəmizə mümkün tədarük də bu kontekstdə gündəmə gətirilib.

Elxan SALAHOV

Oxşar xəbərlər