"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı rəsmi mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağdan köçmüş erməni ailələrinə xəbərdarlıq məktubu da göndərilib. Qeyd olunub ki, Qarabağdan köçən ailələrin mənzillə təmin olunmasına dövlət yardımı proqramı çərçivəsində arayış almaq üçün ərizə blankında məcburi ailə tərkibinə dəyişiklik edilib. Belə ki, artıq 18 yaşı tamam olmuş və ərizə ilə müraciət etmiş şəxslər birmənalı şəkildə ayrı ailə üzvü kimi qəbul edilməyəcək və onlar mənsub olduqları ailənin tərkibi hesab olunacaq.
Erməni mətbuatı Qarabağı könüllü şəkildə tərk edərək Ermənistana köçmüş ailələr üçün nəzərdə tutulan sosial paketlərin həyata keçirilməsi ilə bağlı narazılıqların artdığını da xüsusi vurğulayır. Bildirilir ki, son bir ildə hökumət bəzi qayda və tələbləri tədricən sərtləşdirməklə sosial yardım paketi ilə bağlı xərcləri azaltmağa çalışır. Bu isə çətin şəraitdə yaşayan və mənzilə ehtiyacı olan həmin ailələr arasında narazılıqların artmasına səbəb olur.
O da qeyd edilir ki, ölkə daxilində də sözügedən şəxslərə normal münasibət göstərilmir, həmçinin sosial ehtiyacları lazımi səviyyədə təmin olunmur. Hətta bəziləri təqiblərə məruz qaldıqlarını iddia edirlər. Halbuki bəzi sosial xidmət sahələrində həmin koteqorutadan olanlara üstünlük verilir. Məsələn, Qarabağı könüllü tərk edən ermənilərin Ermənistan vətəndaşlığını alması prosesi sadələşdirilib, onlara növbəsiz xidmət göstərilir, müraciətləri operativ qaydada həll edilir və s.
Bundan başqa, erməni diasporu müxtəlif proqramlar çərçivəsində bəzi xarici ölkələr və beynəlxalq təşkilatlar vasitəsilə də həmin ailələr üçün maliyyəy yardımlarının ayrılmasına çalışır. Bir neçə ay əvvəl Niderland hökuməti də Qarabağ bölgəsindən Ermənistana könüllü köçmüş ermənilərin mənzillə təmin olunması üçün 14 milyon avro dəyərində yardım ayırmışdı. Həmin vəsait Qarabağdan İrəvana və Ermənistanın digər regionlarına köçmüş erməni ailələri üçün mənzillərin alınmasına xərclənməli idi.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun Qarabağda keçirdiyi bir günlük antiterror əməliyyatları zamanı bölgədə yaşayan ermənilər könüllü şəkildə ərazini tərk edərək Ermənistana köçüblər. Həmin ərəfədə Azərbaycan hökuməti Qarabağda yaşayan dinc erməni əhalisinə ünvanladığı xəbərdarlıqlara baxmayaraq, onlar Ermənistana köçməyi daha üstün tutublar. Hazırda Qarabağda erməni ailələrinin çox az hissəsi qalıb və həmin şəxslər Azərbaycan dövlətinin sosial qayğısı altında yaşamaqda davam edir.
Elxan SALAHOV