“Münaqişə dövründə Azərbaycanın Ermənistana tətbiq etdiyi iqtisadi blokadanı yaran əsas ölkə Rusiya olsa da, ikincilik İrana məxsus idi. İndi isə İran bu məsələdə birincilik iddiasını açıq şəkildə ortaya qoyur. Belə ki, rəsmi səviyyədə elan olunub ki, iki ölkə arasında ticarət dövriyyəsinin 3 milyard dollara çatdırılması hədəflənir. Yəni hazırkı səviyyədən (700 milyon dollar) təxminən üç dəfə çox...”
Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.Deputatın sözlərinə görə, İran xarici işlər nazirinin Ermənistan səfəri zamanı ticarət dövriyyəsinin təkcə son ildə 40 faizdən çox artdığı qeyd edilib: “Burada maraqlı məqam ondan ibarətdir ki, həmin artım nəqliyyat yük daşımalarındakı rəqəmlərlə uzlaşmır. Belə ki, yükdaşımalar ötən ilki səviyyədə qalıb. Ermənistanın iqtisadiyyat nazirliyi özü də buna izah verə bilmədiyinə görə, qalır bir ehtimal: İranın Ermənistana silah satması.
İndi isə gələk 3 milyard dollarllıq ticarət dövriyyəsi hədəfinə. Bu, əslində, İranın Ermənistanda Rusiyanın yerinə göz dikməsi deməkdir. Əsas sual budur ki, İran Rusiyanın yerini ala bilərmi? Aydın məsələdir ki, sözü gedən artım, əsasən, İranın ixracı üzərinə proqnozlaşdırılır. Amma Ermənistan alıcılıq qabiliyyəti aşağı olan kiçik bir bazardır. Yüksək tələbat artımı olmayacağına görə söhbət bazardakı oyunçuların dəyişməsindən gedə bilər. Yəni Rusiyanın payı İranın xeyrinə azalmalıdır. Amma Moskva buna imkan verəcəkmi?
Rusiya Ermənistan iqtisadiyyatına o boyda ölü yatırımları ona görə etməyib ki, sabah İran gəlib onun üzərinə çöksün. Təbii ki, Rusiya iqtisadi cəhətdən səmərəsiz investisiyaları sırf Ermənistanın siyasi asılılığını gücləndirmək üçün edib. Özü də iqtisadiyyatın şah damarları hesab olunan nəqliyyat və energetika kimi sahələr demək olar ki, Rusiyanın əlindədir. Bəs İranın eyni "fədakarlığı" etmək üçün iqtisadi gücü varmı?!
Təbii ki, Ermənistanla "ver yeyim" prinsipi üzərində qurulmuş iqtisadi münasibətlər Rusiya üçün əlavə yükdür. Elə ona görə də, bu yükü İranla bölüşməyə müəyyən qədər icazə verir. Amma işin siyasi təsir mərhələsinə qalxması Kreml üçün qəbuledilməzdir. İş burasındadır ki, Ermənistan hazırkı vəziyyətdə İran və Rusiya üçün yalnız siyasi müstəvidə əhəmiyyətlidir. Bu ölkə səmərəli iqtisadi əməkdaşlıq qarşılıqlı investisiya kimi məsələlərdə yararsızdır”.
A. Hüseynov bildirib ki, ianə, yardım və dilənçiliklə ayaqda qalan ölkənin hansısa xarici investisiyalar etməsi mümkün deyil.
“Üstəlik bu ölkəyə qoyulan investisiyaların risk dərəcəsi də yüksəkdir. Ermənistanın onsuz da aşağı olan investisiya reytinqi Vətən müharibəsindən sonra daha da aşağı düşüb. Neçə ki, Azərbaycanla sülh müqaviləsi imzalanmayıb, Ermənistan iqtisadi baxımdan ən riskli ölkələr siyahısında qalacaq.
Yəni, İranın Ermənistanla iqtisadi əlaqələrinin kökündə heç bir halda iqtisadi səmərəlilik dayanmır. İran Ermənistanı Azərbaycana qarşı, güclənən türk birliyinə qarşı diri tutmaq istəyir. Rusiyanın başının qarışıq olduğu bu ərəfələrdə Ermənistana iqtisadi nəfəslik olmaq istəyir”, - deyə o vurğulayıb.