"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı politoloq Suren Sərkisyana istinadən yayıb. Bildirilir ki, ABŞ 2026-cı ildə Cənubi Qafqazdakı fəaliyyətini artırmaq niyyətindədir. Hətta Zəngəzur dəhlizinin gələn ilin sonunadək rəsmi açılış mərasiminin keçirilə biləcəyi də istisna edilmir.
Erməni politoloq bildirib ki, Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin tikintisi gələn ilin iyun ayında keçiriləcək seçki kampaniyası dövrünə təsadüf edəcək. Suren Sərkisyanın sözlərinə görə, ABŞ-ın Ermənistanda və bütövlükdə regiondakı prioritetləri və maraqları İrəvanın reallıqları prizmasından yox, qlobal siyasət kontekstində nəzərdən keçirilməlidir: "Biz regionun əsas tranzit xətti rolunu oynayacaq "Tramp yolu"na Ermənistan prizmasından baxmağa meylliyik. Əslində isə söhbət təkcə Ermənistan, Azərbaycan və Türkiyə arasındakı kommunikasiyalardan getmir, bu, bütövlükdə Mərkəzi Asiya regionunu Avropa ilə birləşdirməyə, Rusiya və Çinin bölgədəki təsirini azaltmağa yönəlmiş daha böyük bir layihənin bir hissəsidir. Bu, ilk növbədə Mərkəzi Asiya ölkələrindən Avropa bazarına enerji ixracı və Avropanın Rusiyadan asılılığını azaltmaq və öz ərazisindən tranzit etmək istəyi ilə əlaqəlidir".
Politoloq vurğulayıb ki, region ölkələri Azərbaycan liderinin təşəbbüsü ilə reallaşdırılan Zəngəzur dəhlizinin açılması ideyasına məhz bu kontekstdən yanaşır. Onun sözlərinə görə, "Tramp yolu" qaz-neft boru kəmərləri, eləcə də nəqliyyat və ticarət dəhlizlərinin inşa edilə biləcəyi bir neçə alternativ logistik marşrutdan yalnız biridir:" Bu kontekstdə Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında öz ərazisi vasitəsilə əlaqəni təmin etməkdən daha geniş bir geoiqtisadi layihənin bir hissəsidir. Ona görə də ABŞ bu layihəni güclü şəkildə dəstəkləyir və çalışır ki, dəmir yolu mümkün qədər tez fəaliyyətə başlasın".
Rusiyanın da Zəngəzur dəhlizi layihəsində hər hansı formada iştiraka can atdığını deyən Sərkisyanın fikrincə, rəsmi Moskva ABŞ-ın "Tramp yolu" vasitəsilə regionda üstün nəzarəti ələ almaqdan narahatdır. Onun sözlərinə görə, Kremlin "Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin izmzalanmasına dəstək verməyə hazırıq" bəyanatı da Rusiyanın Zəngəzur dəhlizinə maraq göstərdiyinin sübutudur: "Çünki Mərkəzi Asiya ölkələri də artıq Rusiya və Çindən yan keçərək Avropa bazarlarına alternativ marşrutlar hazırlayır. Oxşar planlar son illərdə müxtəlif səviyyələrdə bir neçə dəfə səsləndirilib. Reallıq ondan ibarətdir ki, 2026-cı ildə Amerikanın regionda aktivliyi nəzərəçarpacaq dərəcədə artacaq. Bu çərçivədə "Tramp yolu"nun 43 kilometrlik hissəsinin rəsmi açılışı da mümkündür".
Suren Sərkisyan ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin gələn ilin fevralında Ermənistana gözlənilən səfərinin də bununla əlaqəli olduğunu düşünür. O, iddia edib ki, Ermənistan hakimiyyəti Vensin İrəvana səfərinin məhz seçkiqabağı dövrdə dövrdə reallaşmasında maraqlıdır: "Amerika rəsmisinin parlament seçkilərindən əvvəl gəlməsi Paşinyan və onun komandasına dəstək kimi izah oluna bilər. "Tramp yolu"nun tikintisi ilə bağlı proseslərin aktiv mərhələsinin də məhz yanvar-fevral aylarında başlaya biləcəyi və il boyu davam edəcəyi şübhə doğurmur".
Elxan SALAHOV