04.03.2026, 07:59
AZ EN
18.12.2025, 17:28 115

Paşinyandan Zəngəzur açıqlaması: "Ruslardan xahiş etdim ki..."

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasından sonra keçirdiyi brifinqdə Azərbaycanla bağlı bir sıra mühüm məsələlərə münasibət bildirib. O, eyni zamanda Azərbaycan və Türkiyə ilə dəmir yollarının bərpası məsələsindən də danışıb.

"Vətən səsi" xəbər verir ki, Nikol Paşinyan Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin tikintisinə mümkün qədər tez başlamaq üçün Rusiya tərəfinə də məlumat ötürdüyünü deyib. O, Rusiya Dəmir Yollarının törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolları"nın mülkiyyəti hesab olunan Ermənistan dəmir yolunun Zəngəzur dəhlizinə birləşən hissəsinin tikintisinə hazırlıqlardan bəhs edərkən gözlənilməz etiraf da edib: "Rusiyalı tərəfdaşlarımızdan xahiş etmişəm ki, Yerasxdan Naxçıvan sərhədinədək və Axurik hissəsindən Türkiyə sərhədinədək dəmir yolunun tam bərpası ilə təcili məşğul olsunlar. Düşünürəm ki, yaxın vaxtlarda İcevan-Qazax istiqaməti ilə bağlı məsələni də qaldıracağam, çünki onun da mümkün qədər tez bərpası imkanı var. Ümid edirəm ki, rusiyalı tərəfdaşlarımız bu xahişi maksimal sürətlə reallaşdıracaqlar".

Paşinyan jurnalistlərin suallarını cavablandırarkən 2023-cü ildə Azərbaycan ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirlərindən sonra Qarabağı könüllü tərk edən ermənilərin geri qayıdışı barədə səsləndirilən fikirlərə də münasibət bildirib. O, qeyd edib ki, bu məsələ bitib və onların Qarabağa qayıdışı üçün heç bir şansı qalmayıb: "Qarabağdan köçən ermənilər Ermənistanda yaşamalıdırlar. Əziz qarabağlı bacı və qardaşlar, siz Ermənistanda məskunlaşmalı, burada vətəndaşlıq almalısınız".

Baş nazir vurğulayıb ki, ermənilər "çörək üçün köçmək" məntiqindən imtina etməlidir. Onun sözlərinə görə,  sosial güzəranını yaxşılaşdırmaq üçün Qarabağa kömək arzusunda olanlar çörəyi Ermənistanda da qazana bilər.

 

Elxan SALAHOV

Oxşar xəbərlər