"Vətən səsi" xəbər verilir ki, bu barədə Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan ötən həftənin sonunda Qəbələdə iki ölkənin sərhəd komissiyalarının görüşünün detallarını şərh edərkən bildirib. Ermənistan mətbuatının yaydığı məlumata görə, Xandanyan delimitasiya və demarkasiya prosesində hər hansı dəyişikliklərin olmayacağını, bütün texniki məsələlərin Azərbaycan tərəfi ilə razılaşdırılmış qaydada həyata keçiriləcəyini bildirib: "Prinsip eyni olaraq qalır. Bu ilin yanvar ayında qərarlaşdırıldığı kimi, bütün məsələlər razılaşdırıldığı kimi qalıb. Amma kommunikasiyaların açılması ilə bağlı praktik zərurət yaranarsa, bu məsələlərə yenidən baxıla bilər".
Ermənistan rəsmisi əlavə edib ki, sentyabr ayında hər iki ölkənin sərhəd komissiyalarının rəhbərlərinin görüşü zamanı komminikasiya və nəqliyyat dəhlizinin keçəcəyi sahələrlə bağlı geniş fikir mübadiləsi aparılıb və texniki məsələlər araşdırılıb. Onun sözlərinə görə, nəqliyyat infrastrukturun keçəcəyi sahələrdə qısa hissələri delimitasiya etmək zərurəti yaranacağı halda bu məsələyə də baxıla bilər: "Biz çalışırıq ki, kommunikasiyaların layihələndirilməsi və tikintisi zamanı hər hansı problemlər yaranmasın. Ona görə zərurət olarsa, həmin kiçik ərazilərdə delimitasiya işləri aparılacaq".
Bununla belə, Sərkis Xandanyan indiyədək müəyyən edilmiş sahələrdə praktiki delimitasiya işlərinin nə vaxt başlayacağı barədə konkret fikir bildirməyib. Onun sözlərinə görə, bu məsələ daha çox texniki xarakter daşıdığından konkret tarix söyləmək çətindir. Amma işlər davam edir və hər iki tərəfdə prosesin uğurla başa çatdırılacağına əminlik var: "Əhalinin sayı və sənədlər, xəritələrlə işləməkdən əlavə, sahədə tədqiqatlar aparmaq, dəqiqləşdirmələr etmək zərurəti olacaq və əlbəttə, hava şəraiti və digər amillər nəzərə alınaraq, mümkün qədər yaxın aylarda işlər davam edəcək".
Elxan SALAHOV