Ermənistan Azərbaycanla problemləri müstəsna olaraq danışıqlar yolu ilə həll etməyə hazırdır.
"Vətən səsi" xəbər verir ki, bunu İraqda səfərdə olan Ermənistan Prezidenti Vaaqn Xaçaturyan deyib. O, Cənibi Qafqazda sülhün və sabitliyin bərqərar olmasında ciddi çətinliklərin olduğunu etiraf edib: "Dörd qonşumuzdan ikisi ilə - Türkiyə və Azərbaycanla sərhədlərimiz bağlıdır, İran və Gürcüstanla dostluq münasibətlərimiz, açıq sərhədlərimiz, ticarətimiz, qarşılıqlı səfərlərimiz var. Regionumuzun problemlərinin həllini danışıqlarda, qonşularımızla qonşuluq münasibətləri qurmaqda görürük”.
Erməni prezident deyib ki, rəsmi İrəvan bu kontekstdə “Sülh qovşağı” (nəqliyyat dəhlizləri ilə bağlı) layihəsini təqdim edib: “Layihənin ideyası ondan ibarətdir ki, Azərbaycan və Türkiyə ilə problemlərimizi həll edək, sərhədlər açılsın. Bu baş verərsə, qonşularımızla birlikdə regional sülh qovşağına çevrilə bilərik”.
Vaaqn Xaçaturyan Ermənistan ictimaiyyətinə sülh mesajı da ünvanlayıb: "Nəhayət, Ermənistan və Azərbaycan iki qonşu kimi dinc yaşamalıdır, bütün keçmiş ağrılı məqamlara baxmayaraq. Önəmli bir prinsip var: qonşularınla dinc yaşamalısan. İndi hansısa proses nəticəsində qarşıdurma yaranıb. Belə davam edə bilməz, dayandırılmalıdır. İndi bir-birimizlə danışmağı təklif edirik. Əvvəlcə bəlkə də vasitəçilər vasitəsilə... Daha doğrusu, indi vasitəçilər vasitəsilə danışırıq. Ən ağrılı məsələlər haqda danışmaq lazımdır. Çox çətin tarix var: on minlərlə qurban və yaralı, hər iki tərəfdən minlərlə itkin, müəyyən ərazi problemləri. Əminik ki, bütün məsələləri həll etmək olar. İndi biz o yoldayıq”.
Xaçaturyan Azərbaycan və Ermənistan liderlərinin iki həftə əvvəl Münxendə, xarici işlər nazirlərinin bu gün Berlində görüşdüklərini xatırladıb. O, vurğulayıb ki, masada sülh müqaviləsi sənədinin layihəsi var, tərəflər bunun üzərində ümumi razılığa gəlməyə çalışırlar: “Yol budur, məsələləri güclə, müharibə yolu ilə həll etmək lazım deyil”.
Elxan SALAHOV