21.11.2025, 15:19
AZ EN
21.11.2025, 14:50 12

Ermənistan da üzünü Mərkəzi Asiyaya tutur

XƏBƏRLƏR
  • Avropaya inteqrasiya yolunu seçmiş Ermənistanın son vaxtlar Mərkəzi Asiya regionu ilə əməkdaşlığı genişləndirmək xətti tutub. Baş naziri Nikol Paşinyanın Qazaxıstana səfəri və türkdilli ölkə ilə Astanada isti nümasibət sərgiləməsindən sonra İrəvanın bu seçiminin təsadüfi olmadığına dəlalət edir.

"Vətən səsi" xəbər verir ki, iki ölkə arasında yaranan isti münasibət Qazaxıstan hökumətinin səfərlə bağlı yaydığı məlumatlardan da sezilir. Belə ki, Baş nazir Oljas Bektenovun Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında qarşıladığı Paşinyan Qazaxıstanda bir neçə yüksək səviyyəli görüş keçirib. Görüşlərin demək olar ki, hamısında ikitərəfli münasibətlərlə yanaşı, regional əməkdaşlığın aktual məsələləri, xüsusilə Cənubi Qafqazla Mərkəzi Asiya regionunun tarixi əlaqələri və ortaq inkişaf perspektivləri də diqqət mərkəzində olub. Paşinyan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə bu gün keçirilən görüşdə Cənubi Qafqaz regionundakı dəyişikliklərin iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün yeni imkanlar yaratdığını xüsusi qeyd edib: "Mövcud vəziyyət nəqliyyat sektorundakı potensialın reallaşdırılması üçün əlavə imkanlar açır. Bunu nəzərə alaraq Ermənistan Qazaxıstanla həm ikitərəfli, həm də regional əhəmiyyətli əməkdaşlıqda maraqlıdır".

Bu səfərin digər yaddaqalan cəhətlərindən biri isə Qazaxıstan və Ermənistandan olan nümayəndə heyətləri arasında müxtəlif sahələri əhatə edən 15 sənəd imzalanmasıdır. Həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ermənistan Baş naziri Nikol Paşinyan Astanda danışıqların nəticəsi olaraq birgə bəyanat qəbul ediblər.

Qazaxıstanın iqtisadiyyat naziri Serik Jmanqarin görüşdən sonra mətbuata açıqlamasında deyib ki, rəsmi Astana Ermənistanla hava əlaqəsini də bərpa etməyi nəzərdən keçirir. Onun sözlərinə görə, İrəvan hava limanında xidmət xərcləri yüksəkdir - hər sərnişin üçün 65 dollar, hər ton təyyarə yanacağı üçün isə 1248 dollar: “Biz onun hansısa şəkildə subsidiyalaşdırılmasından danışırıq. Bu şərtlər daxilində həm SCAT, həm də “FlyArystan” uçuşlar həyata keçirməyə hazırdır. Ermənistandan gələn nümayəndələrlə keçirdiyimiz  görüşlərdə həm bu, həm də digər məsələlərlə bağlı geniş əməkdaşlıq perspektivlərini müzakirə etdik".

Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması istiqamətində səylərin davam etdiyi indiki şəraitdə Paşinyanın daha bir türk ölkəsinə səfər etməsi və Qazaxıstanın timsalında mühüm anlaşmalara imza atması Ermənistanın Mərkəzi Asiya regionuna inteqrasiyasinin nümayişi kimi xarakterize olunur. Ekspertlərin bildirdiyinə görə,  2017-ci ildə vahid məkan və maraqlar ətrafında bir araya gələn Mərkəzi Asiya ölkələri regional güc mərkəzi kimi formalaşmağa başlayıb. Xüsusilə Türkiyə və Azərbaycanın bu birliklə strateji əməkdaşlıq qurması Cənubi Qafqaz regionunun digər ölkəsi kimi Ermənistanın da marağındadır. Çünki Mərkəzi Asiya ölkələrinin məşvərət platforması kimi yaradılan bu format artıq böyük iqtisadi potensiala, beynəlxalq nəqliyyat infrastrukturlarına malikdir. Üstəlik, Mərkəzi Asiya ölkələrinin artıq Avropa ilə Asiya arasında, sadəcə, tranzit məntəqə yox, regional aktor kimi çıxış etmək imkanı da çox genişdir. Belə olan halda son 30 ildə regional layihələrdən tamamilə kənarda qalan Ermənistanın həmin birliklə sıx əməkdaşlıq etmək niyyəti müharibədə ağır məğlubiyyətə uğramış Paşinyan hökumətini çətin vəziyyətdən qurtarmaqda təsirli vasitələrdən biri ola bilər.

Yeri gəlmişkən, Ermənistanın Azərbayacana qarşı davam etdirdiyi ədalətsiz münasibət və torpaqlarımızın 30 ilə yaxın işğal altında saxlanılması Mərkəzi Asiya regionu ölkələrinin ictimai həyatında diqqətlə izlənilib. Təkcə bir fakta diqqət etmək kifayətdir - 44 günlük müharibədən sonra Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji cinayətlər Mərkəzi Asiya ölkələrinin mətbuatında geniş işıqlandırılıb. Erməni icmalarının daha aktiv fəaliyyət göstərdiyi Qazaxlıstan, Özbəkistan, Qırğızıstan, Tacikistanın aparıcı media resurslarında Ermənistanın ekoloji cinayətləri, o cümlədən  Oxçuçayda törədilən ekoloji fəalkət və mina terroru barədə  məqalələr yerləşdirilib. Ermənistan hakimiyyəti Mərkəzi Asiya regionu ilə əməkdaşlığa can atması Azərbaycana qarşı haqsız münasibətinin də yanlışlığının etirafı ola bilər. 

Elxan SALAHOV

Oxşar xəbərlər