"Vətən səsi" xəbər verir ki, bunu rusiyalı politoloq Konstantin Kalaçev deyib. Onun sözlərinə görə, Kreml və Rusiya ictimaiyyəti İkinci Qarabağ müharibəsindən sonrakı reallıqlar fonunda Azərbaycanın regiondakı rolunu qəbul edir: "Türkiyənin bölgədəki mövqeyinin güclənməsindən narahat olmaq, Trampın şəxsində Ermənistan-Azərbaycan münaqişəsinə son qoyan ABŞ-a paxıllıq etmək olar, amma hər iki tərəf pis anlara görə yaxşı işləri gözardı etməməlidir".
Kalaçev əlavə edib ki, Rusiya və Azərbaycan arasındakı fikir ayrılıqları təbiət etibarilə düşmənçilik xarakteri daşımır, iki ölkənin liderlərinin şəxsi münasibətləri, ənənəvi əlaqələr, ortaq tarix və iqtisadi maraqlar "emosional böhranın" həllinə kömək edəcək. Politoloqun fikrincə, Azərbaycan və Rusiyanın motivasiyaları əsas problemin, yəni rəsmi Bakının təyyarə faciəsinə görə üzr istəmə tələbinin yerinə yetirilməsindən sonra digər məsələləriin qarşılıqlı əsasda həllinin mümkünlüyünə ümid yaradır. Buraya Azərbaycandakı Rusiya vətəndaşlarının, eləcə də Rusiyadakı Azərbaycan vətəndaşlarının taleyi ilə bağlı məsələlərin həlli də daxildir.
"Düşənbədə məhsuldar ikitərəfli sammitdən sonra əmin ola bilərik ki, hələ də saxlanılan Rusiya vətəndaşlarının taleyi çox tezliklə həll olunacaq. Lakin aydındır ki, burada da Azərbaycan detallarda müəyyən bir bərabərlik və qarşılıqlılıq istəyir. Danışıqlar davam edir. Burada Vladimir Putinlə İlham Əliyev arasındakı şəxsi münasibətləri də qeyd etmək lazımdır. Çünki hər iki prezidentin şəxsi əlaqələri Rusiya-Azərbaycan münasibətlərində mühüm rol oynayır. Gəlin ən yaxşısına ümid edək. Düzdür, bəzi fikir ayrılıqları var, maraqlar hər şeydə üst-üstə düşmür, amma barışıq baş verib. Bütün problemlərin həll olunması üçün bir az vaxt lazım olacaq", - deyə Konstantin Kalaçev vurğulayıb.
Elxan SALAHOV
