Səfir Leyla Abdullayeva cavabında Fransanın seçkili orqanlarının nümayəndələrinin fikirlərinin anlaşılmaz və qəbuledilməz olduğunu bildirir. Qeyd edilir ki, Azərbaycan ilə Ermənistan arasında ədalətli və davamlı sülhün bərqərar olması perspektivinin indiki qədər real göründüyü bir vaxtda özünü Ermənistanın dostu kimi qələmə verən həmin nümayəndələrin COP29-un Bakıda keçirilməsi ilə əlaqədar məqaləsi anlaşılmaz olduğu qədər də qəbuledilməzdir.
Diplomat COP29-un Bakıda keçirilməsi ilə bağlı qərarın qəbuluna dair prosesi xatırladaraq vurğulayıb ki, o, yekdilliklə qəbul edilib. Diqqətə çatdırılıb ki, bu qərar Fransa və Azərbaycanın xeyrinə öz namizədliyini geri götürən Ermənistanın dəstəyi ilə verilib.
L.Abdullayeva vurğulayıb ki, Azərbaycan və Ermənistanın bu yaxınlarda qəbul etdikləri birgə bəyanat yalnız iki ölkə arasında etimadın yaradılması deyil, həm də ümumilikdə bölgədə dayanıqlı sülhün təmin edilməsi istiqamətində atılan təqdirəlayiq addım olduğu bir vaxtda, bu məqalə nifrət oyatmağa hesablanıb. Məqalədə yalnız yalanların əks olunduğunu bildirən səfir diqqətə çatdırıb ki, heç ermənilərin özləri belə yalanlara əl atmırlar.
“1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan həqiqi demokratik proses həyata keçirən, tamamilə dünyəvi, gender bərabərliyinə sadiq (azərbaycanlı qadınlar fransız qadınlardan 26 il əvvəl səs vermək hüququna malik olublar), tam iqtisadi inkişafda olan gənc dövlətdir. Azərbaycan karbohidrogen istehsalçısı olsa da, çox iddialı proqramlar həyata keçirir.
Ermənistanın dostu olan bir qrup fransız nümayəndə bu platformadan istifadə edərək, əslində, Azərbaycana qarşı qarayaxma ilə məşğul olmaqla yanaşı, Ermənistanın seçimlərini də pisləyir və iki dövlət arasında sülh prosesinə əngəl törədirlər”, - deyə səfir L. Abdullayeva qeyd edib. (AZƏRTAC)