"Vətən səsi" xəbər veir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Ermənistan parlamentinin dünən keçirilən iclasında məsələ ətrafında müzakirələr aparılıb. Hətta müxalif deputatlar məsələnin parlamentin gündəliyinə salınmasına çalışsalar da, buna nail ola bilməyiblər və təklif qısa müzakirələrdən sonra geri atılıb.
Məlumatda o da bildirilir ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Arman Yeqoyan Ermənistan hökumətinin Azərbaycanla danışıqlar prosesinin heç bir mərhələsində ermənilərin Qarabağa qayıdışı ilə bağlı məsələ qaldırmadığını deyib. Onun sözlərinə görə, siyasi dairələrdə tez-tez gündəmə gətirilən bu mövzu Ermənistan hakimiyyəti tərəfindən ciddi qəbul edilməyib: "Biz bu tip məsələlərlə xeyli dərəcədə çətin və kövrək olan sülh danışıqlarının perspektivlərinə təhlükə yaratmamalıyıq. Çünki onsuz da o şəxlərin hamısı Qarabağı könüllü tərk ediblər və onların yenidən geri qayıdıb orada yaşamaq şansı demək olar ki, yoxdur. 2023-cü ilədək Qarabağda yaşayan ermənilərin geri qayıdışı demək olar ki, qapanıb. Xaçaturyan tərəfindən irəli sürülən təklif Qarabağdan köçmüş şəxslərin qaytarılmasının təmin edilməsini Azərbaycanın üzərinə məsuliyyət kimi qoyulmasını nəzərdə tutur. Ermənistan hökuməti və xarici siyasətə cavabdeh vəzifəli şəxslər bu anda Azərbaycan qarşısında belə bir məsələ qaldırmırlar”.
Layihənin müəllifi, parlamentdəki müxalif “Ermənistan” fraksiyasının üzvü Artur Xaçaturyan isə bildirib ki, təklifləri hazırlayarkən onu dəstəkləyən deputatları yalançılıqda ittiham edib. Onun sözlərinə görə, Avronest Parlament Assambleyasının İrəvanda keçirilən son sessiyasında hakim partiyanın deputatları ermənilərin Qarabağa qayıdışını nəzərdə tutan layihənin əleyhinə səs veriblər.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun Qarabağda keçirdiyi bir günlük antiterror əməliyyatları zamanı bölgədə yaşayan ermənilər könüllü şəkildə ərazini tərk edərək Ermənistana köçüblər. Həmin əməliyyatlardan əvvəl və əməliyyatların gedişi zamanı Azərbaycan hökumətinin Qarabağada qalıb yaşamaq istəyən dinc erməni əhalisinə üenvanladığı xəbərdarlıqlara rəğmən onlar Ermənistanda yaşamağı daha üstün tutublar. Bununla belə həmin erməni ailələrinin bir çoxu sonradan Ermənistanı da tərk edərək üçüncü ölkələrə köçüblər.
Elxan SALAHOV