"Vətən səsi" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyanın həbsini şərh edərkən bildirib. O, qeyd edib ki, Gümrü şəhərinin rəhbərliyi Rusiya Federasiyasının müxtəlif regionları ilə fəal əməkdaşlığı inkişaf etdirir. Onların arasında müharibə zamanı həlak olmuş rus zabitlərinin xatirəsinə həsr olunmuş məşhur “Şərəf zirvəsi” abidə kompleksi də var.
Rəsmi Moskvanın Rusiya-Ermənistan münasibətlərinə qayğı ilə yanaşdığını deyən Zaxarova vurğulayıb ki, Kreml iki xalq arasında ənənəvi sıx münasibətlərin tərəfdarı olan hər kəsi dəstəkləyir: “Merin həbsi məsələsi Ermənistanın daxili işidir. Həmçinin bizə məlumdur ki, əvvəllər Vanadzor, Berd, Gorus və digər şəhərlərin də rəhbərlərinə qarşı cinayət işi açılıb. Ümid edirik ki, bu cür məhkəmə prosesləri məhkəmə sistemi ilə xalq arasında əlaqənin qırılmasına və bu sistemə olan etimadın azalmasına gətirib çıxarmayacaq. Baş nazir Nikol Paşinyan da Ermənistan Demokratiyası Forumunda belə söyləmişdi".
Ermənistanın yeni seçki mərhələsinə qədəm qoymasından danışan Zaxarovanın fikrincə, indi bu məsələlər xüsusilə aktuallaşır. O deyib ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayında keçiriləcək və belə olan halda Rusiya Gümrüdəki vəziyyəti diqqətlə izləyir.
Xatırladaq ki, Vardan Qukasyan bundan əvvəl korrupsiya və külli miqdarda mənimsəmə ittihamları ilə məhkəmədə həbs olunub. Ermənistan Kommunist Partiyasının üzvü olan siyasətçi Rusiyaya yaxınlığı ilə tanınır. Təsadüfi deyil ki, Qukasyan sentyabrda Ermənistanı Rusiya ilə İttifaq Dövlətində birləşməyə çağırmışdı.
"Sputnik Armenia"nın yaydığı məlymata görə, Gümrüdə kütləvi iğtişaşlarla bağlı cinayət işi üzrə 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Ermənistan İstintaq Komitəsindən bildirilib ki, bu iş üzrə saxlanılmış yetkinlik yaşına çatmayan şəxsə isə ev dustaqlığı və ölkə hüdudlarından kənara çıxmamaq iltizam cəzası tətbiq edilib.
Elxan SALAHOV