"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanda keçirilən V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı deyib. O, qeyd edib ki, Cənubi Qafqaza daha geniş mənzərədən baxmaq lazımdır: "Tarixin göstərdiyi kimi, münaqişələr, ziddiyyətlər və uzunmüddətli düşmənçiliyə baxmayaraq, bizim – Ermənistan və Azərbaycanın, eləcə də ümumilikdə Cənubi Qafqaz ölkələrinin taleləri müəyyən mənada bir-biri ilə bağlıdır. Münaqişə və düşmənçilik çox vaxt bizə ümumi maraqların mövcud olduğunu görməyə imkan vermir. Bugünkü müsbət ab-hava nəyi göstərir? Bu o demək deyil ki, münaqişə tariximiz birdən-birə silinib və yoxdur. Xeyr, belə bir şey ola bilməz. Sadəcə bu o deməkdir ki, biz artıq bir qədər çox dərk etməyə başlamışıq: Cənubi Qafqaz ölkələri - Gürcüstan, Azərbaycan və Ermənistan ortaq maraqlara malikdirlər. Bu ortaq maraqlar strateji əhəmiyyət daşıyır".
Ermənistanın Baş naziri ortaq maraqlar kontekstində gələcəkdə üç ölkəni birləşdirəcək nəqliyyat komuniksiyalarından da danışıb: "Regiondan keçən yüklər, boru kəmərləri ölkələrimizə gəlir gətirəcək. Beləliklə, ortaq tərəfdaşlıq bazasına malik olacağıq. Dövlət büdcələrimiz, ictimai gəlirlərimiz artdıqca, hamımız eyni gündəliyə sahib olacağıq: necə etməliyik ki, bu gəlirlər azalmasın, əksinə, artsın. Budur, mənim danışdığım ən sadə ümumi maraqlar bazası”.
Elxan SALAHOV