Füzuli Ermənistanın işğalı zamanı ən çox viran qoyulmuş rayonlardan biridir. Eyni zamanda, keçmiş təmas xəttinin üzərində yerləşdiyi üçün Ermənistan ordusunun ən çox möhkəmləndiyi, sədlər və səngərlər qurduğu ərazilərimizdəndir. Füzuli Qarabağın və Şərqi Zəngəzurun həm rəmzi mənada, həm də həqiqi mənada giriş qapısıdır. Ona görə ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılmış 44 günlük Vətən müharibəsinin birinci günündə düşmənin müdafiə xəttinin yarıldığı məntəqələrin bir çoxu məhz Füzuli rayonunun ərazisinə aiddir. Şərqi Zəngəzurun və Qarabağın, o cümlədən Şuşanın azad edilməsinə doğru aparan Zəfər Yolu Füzuli rayonundan başlayır. Tarixi baxımdan isə, 1994-cü il yanvarın 5-də ulu öndər Heydər Əliyevin əmri ilə həyata keçirilmiş məşhur Horadiz əməliyyatı zamanı Füzuli rayonunun bir çox yaşayış məntəqələri azad edilmişdi. Eləcə də işğaldan azad olunduqdan sonra inşa edilən avtomobil yolları, dəmir yolu Füzuli ərazisindən keçir və azad edilmiş ərazilərimizdə tikilmiş ilk hava limanı burada yerləşir.
Bu fikirlər Milli Məclis sədrinin müavini Adil Əliyevin “Füzuli rayonu yenidən doğulur” sərlövhəli məqaləsində yer alıb.
Vətən müharibəsinə qədər Füzuli Ermənistanın işğalı nəticəsində ən çox virana, talana və dağıntıya məruz qalmış rayon idi. Vətən müharibəsindən sonra isə dövlətimizin başçısı İlham Əliyevin birbaşa rəhbərliyi ilə Füzuli ən sürətlə yenidən qurulan və abadlaşan rayona çevrilib. Füzuli rayonu gözlərimiz önündə yenidən doğulur. Bu mənada, ilk növbədə, Füzuli Beynəlxalq Hava Limanının 2021-ci il yanvarın 14-də təməlinin qoyulması və 2021-ci il oktyabrın 26-da açılışı qeyd edilməlidir. Cəmi 9 ay ərzində müasir standartlara cavab verən beynəlxalq hava limanının inşa edilib istifadəyə verilməsi və bu layihənin tam dağıdılmış, heç bir adi infrastrukturu belə olmayan bir ərazidə həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətindən, Prezident İlham Əliyevin möhkəm siyasi iradəsindən və uzaqgörən strateji baxışından irəli gəlir. Füzuli Beynəlxalq Hava Limanı, xüsusən bu rayonun Qarabağın və Şərqi Zəngəzurun hava qapısı rolu oynadığını birmənalı surətdə təsbit edir.
Füzuli rayonunun Qarabağ və Şərqi Zəngəzur üçün rolu və əhəmiyyəti təkcə hava limanının inşası ilə məhdudlaşmır. Zəfər Yolu kimi məşhurlaşan və qəhrəman əsgərlərimizin faktiki olaraq yolsuzluq şəraitində irəliləyərək addım-addım canları və fədakarlıqları bahasına açdıqları cığırın üzərində Füzuli-Şuşa yolunun təməlinin qoyulması və qısa müddətdə müasir tələblər əsasında və keyfiyyətli surətdə istifadəyə verilməsi, eləcə də Füzuli-Ağdam, Füzuli-Hadrut və digər avtomobil yollarının inşası rayonun Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və məskunlaşması üçün hansı önəm daşıdığını vurğulayır.
Bu gün Horadiz-Ağbənd dəmir yolunun inşası üzrə işlər tam sürətlə davam edir. Bu dəmir yolu beynəlxalq əhəmiyyətli strateji yoldur. Ağbənd-Horadiz dəmir yolu Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissəsidir və həm Naxçıvanın blokadadan çıxmasında mühüm rol oynayacaq, həm də Azərbaycanın Türkiyə və digər ölkələr arasında tranzit imkanlarını ciddi surətdə artıracaq.
Nəhayət bütün bu infrastruktur layihələrdən başqa, doğma sakinlərinin Füzuliyə qayıtması və məskunlaşması üçün yaşayış komplekslərinin, xəstəxana, peşə liseyi kimi sosial obyektlərin inşası Füzuliyə həyatın yenidən qayıtdığının müjdəsini verir. Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlinin qoyulması, hazırda inşaat işlərinin davam etməsi Böyük Qayıdışın Füzulidə təzahür edən daha bir müjdəsidir. Beləliklə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Füzuli rayonunun gözlərimiz önündə, sözün əsl mənasında, yenidən doğulmasının şahidiyik.
AZƏRTAC