25.04.2025, 20:45
AZ EN
22.12.2023, 10:49 333

Sülhməramlılar Qarabağda hansı missiyanı yerinə yetirir... Rusiyalı generallar izah edə bilmir

XƏBƏRLƏR

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bir neçə gün əvvəl nazirliyin kollegiya toplantısında Qarabağdakı Rusiya sülhməramlılarından danışıb.

"Vətən səsi" xəbər verir ki, o, Rusiya ordusunun Qarabağ regionunda "sülhün əsas qarantiyası" olduğunu söyləyib: "Rusiya qoşunları Suriya və Qarabağda sülhün qorunmasının əsas qarantiyası olmaqda davam edir".

Şoyqu gələn il də Rusiya hərbi kontingentinə Qarabağda "sülhün və sabitliyin qorunmasını təmin etmək" tapşırığı verib. Dünən isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov oxşar açıqlama ilə çıxış edib. O bildirib ki, Cənubi Qafqazda vəziyyət gərgin olaraq qalır və Rusiya qoşunları Qarabağda tapşırıqları yerinə yetirməkdə davam edir.

Xatırladaq ki, Azərbaycan ordusunun sentyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə Qarabağda separatizmə son qoyulub. Həmin tədbirlər nəticəsində Qarabağdakı erməni silahlı dəstələri tərksilah edilərək zərərsizləşdirilib və könüllü şəkildə bölgəni tərk etmək istəyənlərin Ermənistana keçməsinə şərait yaradılıb. Eyni zamanda Azərbaycan hökumətinin erməni sakinlərin təhlükəsizliyinə və qanunvericiliyə uyğun hüquqlarlarına təminat verildiyinə dair çağırışlarına baxmayaraq, mülki əhalinin də bir çoxu separatçı dəstəyə qoşularaq könüllü şəkildə bölgəni tərk edib. Qarabağda qalmağı daha üstün tutan erməni sakinlər isə Azərbaycan qanunları çərçivəsində dinc və sülh şəraitində yaşamaqda davam edir. Hazırda bölgədəki erməni sakinlərin rahat və təhlükəsiz yaşayışını, ərzaq təchizatı, kommunal xidmətlər və digər zəruri ehtiyacların ödənilməsi də Azərbaycanın yerli strukturları təmin edir. Rusiya sülhməramlı kontingentinin bölgədəki daimi və müvəqqəti postlarının da əksəriyyəti artıq ləğv olunub. Belə olan halda ortaya maraqlı və məntiqli sual çıxır: Sülhməramlılar Qarabağda hansı missiyanı yerinə yetirir və indiki şəraitdə rusiyalı generalların belə bir açıqlama ilə çıxış etməsinə nə nə ehtiyac var?

Politoloq Elxan Şahinoğlu Rusiya müdafiə nazirinin, ardınca isə Baş Qərargah rəisinin Qarabağa dair açıqlamalarına münasibət bildirərkən deyib ki, Qarabağda sülh və sabitlik bərpa edilib, bundan sonra Rusiya sülhməramlılarının orada qalmasına heç bir ciddi səbəb yoxdur: “Rusiya müdafiə naziri Sergey Şoyqu bir gün əvvəl demişdi ki, Rusiya hərbi kontingentinin qarşısında Qarabağda sülhün və sabitliyin qorunması vəzifəsi qoyulub, halbuki, Qarabağda sülh və sabitlik bərpa edilib. Birincisi, 19 sentyabr anti-terror əməliyyatından sonra Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bu Cənubi Qafqazda ümumi ab-havaya müsbət təsir edib. İkincisi, Rusiyanın nə müdafiə naziri, nə də Baş Qərargah rəisi mövcud durumda Rusiya qoşunlarının Qarabağda hansı tapşırıqları yerinə yetirməsini izah edə bilmirlər”.

Göründüyü kimi, Qarabağ məsələsi bu ilin sentyabrda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra tamamilə tarixə qovuşsa da, Moskva hərbi kontingentini 2024-cü ildə də Qarabağda saxlamaqda maraqlıdır. Əslində 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda Rusiya sülhməramlılarının bölgədə qalma müddətin 5 il olmasının razılaşdırldığını nəzərə alsaq, bunu normal hal saymaq olar. Ancaq Rusiya müdafiə nazirinin və onun ardınca Baş Qərargah rəisininin bu cür açıqlama ilə çıxış etməsinin hansı ehtiyacdan yarandığı bəzi müəyyən şübhələrə yol açır. Xüsusilə bu ilin ortalarından Rusiyanın təşəbbüsü və patronajlığı ilə keçirilən bütün tədbirləri, o cümlədən KTMT-nin iclaslarını boykot edən Ermənistanla Rusiya arasında yaranış soyuqluğun tədricən mülayimləşməsi fonunda Sergey Şoyqu ilə Valeri Gerasimovun "Qarabağda tapşırıqları yerinə yetirməkdə davam edir" şəklində açıqlamalar verməsi diqqətdən yayınmır.

Erməni əhalinin Azərbaycanın təminatlarına, birgəyaşayış və reinteqrasiya ilə bağlı konseptual planının elan edilməsinə rəğmən, könüllü şəkildə bölgəni tərk etməsindən sonra Rusiya sülhməramlılarının Qarabağda qalması üçün zəif və kövrək arqumentlərin də tamamilə öz əhəmiyyətini itirməsi heç kimə sirr deyil. Sülh və sabitliyin təmin edilməsinə gəlincə, Azərbaycan özü bunu etməyə qadirdir.

Elxan SALAHOV

Oxşar xəbərlər