Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bu barədə mətbuata açıqlamasında deyib:
"Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 7 ayında xarici ticarət dövriyyəsinin 10.6 faizi Rusiyanın payına düşüb. Bu xarici ticarətdə Rusiyanın 3-cü ən böyük tərəfdaş olması deməkdir. İxracda da Rusiya 4.7 faizlik payla ilk üçlükdədir. İdxalımızda 17,2 faiz payı olan Rusiya 18.0 faizlik Çindən sonra ikinci ən böyük tərəfdaşdır.
Qeyri neft-qaz məhsulları üzrə ixracın isə 34.3 faizi Rusiyaya yönəlib. Bu Rusiyanın qeyri-resurs iqtisadiyyatında ən böyük ticarət tərəfdaşı olması deməkdir. Rəqəmlər göstərir ki, ölkələr arasında soyuqluğa rəğmən, Azərbaycan ilə Rusiya arasındakı iqtisadi əlaqələrdəki dinamika qorunub saxlanıb. Bu isə birbaşa ticarətin məhz biznes vasitəsi ilə aparılmasıyla bağlıdır.
Bu baxımdan, Düşənbə görüşünün iki ölkə arasındakı iqtisadi əlaqələrə müsbət təsir göstərəcəyi gözlənilir. Aydındır ki, yaxşı əlaqələr daha böyük biznes imkanları deməkdir".
Millət vəkilinin fikrincə, bütün bunlar ilə yanaşı, Azərbaycanın xarici ticarətində şaxələnmənin daha da güclənməsi prioritetliyini qoruyub saxlayır: "Bu eyni zamanda, ixrac bazarlarının diversifikasiyasını da aktuallaşdırmaqdadır".
Tahirə AĞAMİRZƏ