Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Siyasi şərhçi bildirib ki, beynəlxalq aləmdə Türk Dövlətləri Təşkilatına iki yanaşma var: "Birinci yanaşma müsbətdir, ikinci yanaşma mənfidir. ABŞ və Avropa İttifaqı ölkələri Türk Dövlətləri Təşkilatına müsbət yanaşırlar. Vaşinqton və Brüssel türk dövlətləri arasında inteqrasiyanın genişlənməsini təhlükəli deyil, əksinə faydalı olduğunu düşünür. Bu səbəbdən Vaşinqton və Brüssel Zəngəzur dəhlizinin reallaşmasını istəyir. Zəngəzur dəhlizi isə türk dövlətlərin arasında inteqrasiyanı gücləndirəcək əsas layihələrdən biridir. İkincisi, ABŞ və Avropa İttifaqının Mərkəzi Asiya ölkələri ilə 5+1 əməkdaşlıq formatı mövcuddur. Doğrudur, bu əməkdaşlıq formatının əsas səbəblərindən biri də Qərbin Mərkəzi Asiyada Rusiya və Çinlə rəqabət aparmasıdır. Mərkəzi Asiya ölkələrinin özləri də 5+1 formatının davamında maraqlıdırlar. Çünki, Mərkəzi Asiya ölkələri Rusiya və Çinlə sıx əməkdaşlıq etsələr də, bu iki ölkədən asılı olmaq istəmir, alternativ istiqamətlərə üstünlük verirlər. Mərkəzi Asiyanın Rusiya və Çindən asılı olmaması türk inteqrasiyası üçün də vacibdir".
Politoloq sonra qeyd edib ki, Türk dövlətləri arasında inteqrasiyadan narahat olan 3 ölkə var: "Bu Rusiya, Çin və İrandır. Bu 3 ölkənin rəsmiləri və diplomatları türk dövlətləri arasında inteqrasiyanın əleyhinə açıqlama və ya bəyanat vermirlər. Buna baxmayaraq, Moskva, Pekin və Tehran türk dövlətləri arasında inteqrasiyanı özləri üçün təhlükə kimi qiymətləndirirlər. Halbuki, türk dövlətləri arasında inteqrasiya heç bir dövlətə və birliyə qarşı yönəlməyib. Türk birliyi qarşılıqlı inteqrasiyanı gücləndirməklə türk dövlətlərinin müstəqil inkişaflarını sürətləndirən amildir. Görünür, məhz bu amil Rusiya, İran və Çindəki dairələrin xoşuna gəlmir. Qərblə qarşıdurma içərisində olan Rusiya, Çin və İran qonşu dövlətlərin də onlar kimi siyasət yürütmələrini istəyir. Türk birliyi isə Qərblə dialoq içərisindədir.
Rusiya, Çin və İran türk birliyinin inteqrasiyasına əngəl ola bilməyəcək. Çünki, türk dövlətləri arasında inteqrasiya zamanın tələbidir. Qəbələdəki toplantıda Şimali Kipr Respublikasının (Kuzey Kıbrıs Türk Cumhuriyyəti) Cumhurbaşqanı Ersin Tatar da iştirak edəcək. Ersin Tatar türk dövltələri liderlərinin Azərbaycanda keçirilən bütün toplantılarına dəvət olunub. Türkiyə Şimali Kipr Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi statusundan tamhüquqlu üzvlüyə keçidini dəstəkləyir. Azərbaycan bu qərarı dəstəkləməyə hazırdır, son söz Mərkəzi Asiya ölkələrinin liderlərinindir"-, deyə polotoloq vurğulayıb.
Tahirə AĞAMİRZƏ