"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Ermənistan parlamentinin Dövlət və Hüquq Məsələləri Komitəsində hakimiyyətə qarşı müxtəlifət qüvvələrinin təmsil olunduğu “Şərəfim var” fraksiyasının “Milli böhran və idarəetmənin uğursuzluğu haqqında” bəyanat layihəsi müzakirə edilib. Nikol Paşinyanın impiçmenti ilə əlaqədar hazırlanmış həmin layihəyə görə, “ölkədə fövqəladə vəziyyətin yeganə konstitusion həlli” Milli Məclisin Baş nazirə etimadsızlıq ifadə etməsi prosesidir.
Fraksiyanın rəhbəri Hayk Mamicanyan bildirib ki, ictimai təzyiq olmadan Baş naziri vəzifəsindən uzaqlaşdırmaq olmayacaq və hazırkı vəziyyətdə bu məsələnin yeganə həll yolu impiçmentdir. O, əlavə edib ki, müzakirəyə çıxarılan sənəd impiçment prosesi deyil, bununla bağlı bəyanatın mətnidir: "İctimai təzyiq nəticəsində birliyin olmamasının və Nikol Paşinyanın Ermənistan Respublikasının Baş naziri olaraq qalmasının hansı problemlərə səbəb olduğunu başa düşürsünüz, bu prosesi uğurla başa vuracağıq”.
Xatırladaq ki, baş nazirə etimadsızlıq məsələsi tələb olunan 36 imza toplanacağı təqdirdə parlamentdə müzakirə oluna bilər. Təşəbbüskar “Şərəfim var” fraksiyasının 6 deputatı var. “Ermənistan” fraksiyası isə parlamentdə 28 yeri tutur. İki fraksiyanın imzaları cəmi 34 edir, məsələnin parlamentin gündəliyinə salınması üçün isə 2 imza çatışmır.
Təşəbbüsün parlament tərəfindən qəbul olunması, yaxud baş nazirin impiçment edilməsi üçün isə minimum 54 deputatın səsi lazımdır. Yəni bunun üçün hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının 18 deputatının da səsi lazım olacaq. Hakim fraksiyadan təşəbbüsə dəstək verən yoxdur.
Elxan SALAHOV