Bu sözlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Fransa Prezidentinin 2022-ci il 12 oktyabr tarixli müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində qeyd olunub.
“Fransa Prezidenti məhz o dövlət başçısıdır ki, Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal atında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, beynəlxalq hüququn fundamental prinsiplərini heçə sayaraq Azərbaycanın ərazi bütövlüyünü və yüz minlərlə azərbaycanlının hüquqlarını kobud şəkildə pozması, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməsi barədə, ölkəsi Minsk qrupunun həmsədri olmasına rəğmən bir kəlmə də olsun söz deməyib. Fransa Prezidenti, təəssüf ki, bu günədək Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməməsi, Azərbaycan ərazilərində minalar basdırmaqla bölgədəki təhlükəsizliyə hədə törətməsi barədə də susur.
Azərbaycan öz növbəsində, hazırda Minsk qrupunun fəaliyyət göstərməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, Fransa Prezidentinin iki ölkə arasında münasibətlərin normallaşması prosesində vasitəçilik təşəbbüslərinə yox deməyib və bu günədək E.Makronun vasitəçiliyi ilə 2022-ci il fevralın 4-də və oktyabrın 6-da dördtərəfli görüşlər baş tutub. Ancaq Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər onun vasitəçilik səylərinin neytrallığını və qərəzsizliyini ciddi sual altında alır.
Azərbaycanın bölgədə sülhü, sabitliyi və inkişafı təmin etmək, beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçilik səylərinin bir daha nəzərdən keçirilməsini labüd edir”, - deyə XİN-in Mətbuat xidməti idarəsinin şərhində vurğulanıb. (AZƏRTAC)