"Vətən səsi" xəbər verir ki, bunu erməni jurnalist, “Azadlıq” radiosunun İrəvan bürosunun keçmiş rəhbəri Qraç Melkumyan deyib. O, vurğulayıb ki, Qarabağ məsələsi artıq həll olunub və Ermənistan Azərbaycanla mehriban qonşuluq siyasətinə qayıtmalıdır.
Erməni jurnalist bildirib ki, İrəvandakı bəzi siyasi qüvvələr yalançı vətənpərvər cildində kütləni aldadaraq Azərbaycan və Ermənistan arasında sülh prosesini pozmağa çalışır. Həmin qüvvələr regionda qüvvələr nisbətinin dəyişməsindən istifadə edərək siyasi rəqiblərini nüfuzdan salmaq və hakimiyyətə yiyələnmək üçün əllərindən gələni edir: “İndi mövcud reallıqlar hər kəsə bəllidir, bu reallıqları görməzdən gəlmək və uzun illər yalan vədlərlə idarə olunan Ermənistanı haqq yolundan döndərmək daha dəhşətli fəlakətlərə aparar. İndiki vəziyyətdə tanınmış sərhədləri olan Ermənistanın qalması, münasibətlərin normallaşması və inkişafı üçün şam yandırın".
Qraç Melkumyan Ermənistanda Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına, regionda sülhün bərqərar olmasına qarşı çıxan qüvvələrə xəbərdarlıq edib. O, deyib ki, sülhün alternativi müharibə və ya lokal toqquşmalardır: “Bu gün onlar nə qədər Azərbaycan və Türkiyənin tələblərinin yerinə yetirilməsindən qeybət edib, prosesi gözdən salmağa çalışsalar da, geri addım atılmamalıdır. Əgər hakimiyyət həmişə ittihamlardan yayınmağa çalışacaqsa, ictimai müşahidə qrupları birbaşa deyə bilərlər ki, məğlub olan tərəf həmişə qalibin tələblərini yerinə yetirir, əksi mümkün deyil. Sülh əleyhinə nə desələr də, ittihamlara necə don geyindirsələr də, yekun sülhün bərqərar olması, qonşularla münasibətlərin normallaşması, iqtisadi əməkdaşlığın, ticarətin alternativi yoxdur”.
Elxan SALAHOV