“TRT Haber” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.
Vitse-prezident ABŞ Prezidenti Donald Trampın ev sahibliyində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyanın Ağ Evdə sülhə yönəlik ortaq bəyannaməyə imza atmasını məmnuniyyətlə qarşıladığını deyib.
O qeyd edib ki, yaxşı qonşuluq və sərhədlərə qarşılıqlı hörmət göstərilən bir mühit hamının xeyrinə olacaq.
C.Yılmaz prosesin daimi sülhlə nəticələnməsini arzuladığını da vurğulayıb: “Sülhün təmin edilməsi təkcə iki ölkə üçün deyil, bütün Qafqaz üçün hüzur və rifah deməkdir. Davamlı sülh ölkəmizin Qafqaz və Orta Asiya başda olmaqla əlaqələrimiz olan bölgələrlə iqtisadi münasibətlərə töhfə verəcək”.
Vitse-prezidentin sözlərinə görə, ticarətdən investisiyalara, turizmdən energetikaya, logistikadan infrastruktura qədər - bir çox sektorların inkişafına yeni şərait yaranacaq: “Azərbaycan və Ermənistanla yanaşı, Şərqi Anadolu bölgəmiz başda olmaqla ölkəmizin inkişaf prosesi sürətlənəcək”.
O, Türkiyənin Qafqazda sülh, sabitlik və rifahı dəstəkləməyə davam edəcəyini də vurğulayıb. (Report)