06.08.2025, 22:35
AZ EN
06.08.2025, 17:54 103

Ombudsman: Ermənistanın mina terroru davam etməkdədir

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərimizdə işğal dövründə Ermənistan tərəfindən basdırılmış minalar, partlamamış hərbi sursatlar mülki əhalinin və hərbi qulluqçuların həyat və sağlamlığına qəsd etməkdə davam edir.

Bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın beynəlxalq təşkilatlara çağırışında bildirilir.

Qeyd olunur ki, ötən gün Kəlbəcər rayonu ərazisində Ordumuzun beş hərbi qulluqçusu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Azərbaycan ərazisində kütləvi şəkildə basdırılmış, bu günədək dəqiq xəritələri təqdim olunmamış minalar hər gün günahsız insanların həyata və sağlamlıqlarına böyük təhdid olaraq qalmaqdadır. Basdırılmış minalar, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə maneə yaradır, ətraf mühitə ciddi ziyan vurmaqla bölgədə ekoloji tarazlığın pozulmasına da səbəb olur.

İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələri barədə məlumatların təqdim olunması ilə bağlı tərəfimizdən dəfələrlə beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin qəbul edilməsinə baxmayaraq, Ermənistan tərəfi beynəlxalq humanitar hüququn normalarının tələblərini pozaraq bu məlumatları təqdim etməkdən boyun qaçırır.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) olaraq bir daha müvafiq beynəlxalq təşkilatları dəqiq mina xəritələrinin Azərbaycana təhvil verilməsi istiqamətində Ermənistana ciddi təsir göstərməyə, törədilən hərbi və ekoloji cinayətlərə, o cümlədən humanitar hüquq pozuntularına kəskin reaksiya verməyə çağırıram”, - deyə ombudsman vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər