Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşdə çıxışında səsləndirib.
Dövlətimizin başçısı vurğulayıb ki, bunun üçün ATƏT-in Minsk qrupu ləğv edilməlidir. O qeyd edib: “Məntiq sadədir. Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, - Minsk qrupu isə Qarabağ münaqişəsi üçün yaradılmışdı, - demək, onu ləğv etmək lazımdır. Bunun üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın”.
Azərbaycan Prezidenti deyib ki, sülh sazişinin mətni razılaşdırılıb, bu sənədin paraflanması ideyasını da Azərbaycan tərəfi irəli sürüb. “Prinsipcə, dediyim kimi, biz tabutun üzərini dəmir-betonla qapatmaq və bundan sonra normal yaşamaqdan uzaqda deyilik. Mən bunu əvvəlki görüşlərdə də demişəm: siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı yaşayaq. Ancaq belə olan təqdirdə Cənubi Qafqazda az-çox məqbul situasiya tədricən yarana bilər ki, nəhayət üç ölkə heç olmasa hər hansı əməkdaşlıq imkanlarını müzakirə etməyə başlaya bilsin”. (AZƏRTAC)