13.06.2025, 21:55
AZ EN
12.06.2025, 21:30 112

Prezidentin müşaviri: Gələcəkdə Qazaxıstanla Azərbaycan arasında daha çox birgə layihələr olacaq

XƏBƏRLƏR
  • Qazaxıstan yaşıl enerjinin Avropaya tranziti layihəsi daxil olmaqla, Azərbaycan və regionun digər ölkələri ilə yaşıl gündəm üzrə əməkdaşlığı və təcrübə mübadiləsini daha da yüksək səviyyəyə qaldırmağa hazırdır.

Bunu Qazaxıstan Prezidentinin beynəlxalq ekoloji əməkdaşlıq üzrə müşaviri və xüsusi nümayəndəsi Zülfiyyə Süleymenova Brüsseldə keçirilən enerji səmərəliliyi üzrə 10-cu illik qlobal konfransda deyib.

"Qazaxıstanın metan emissiyalarının azaldılması və yandırılması sahəsində yaxşı təcrübəsi var. Məlum olduğu kimi, metan qlobal istiləşmənin sürətlənməsinin ciddi səbəblərindən biridir. Bu, digər məsələlərlə yanaşı, Xəzər dənizinin ekosisteminə mənfi təsir göstərir və əməkdaşlığı zəruri edir", - o söyləyib.

Süleymenovanın sözlərinə görə, Qazaxıstan çox mühüm nəticələr əldə edib, metanın yandırılmasını 80 % - ildə 4 milyard kubmetrdən 1 milyard kubmetrə qədər azaldıb. O əlavə edib ki, bu sahədə daha da irəliləyiş üçün imkanlar var.

"Bu il biz artıq neft-qaz sektorunda metan emissiyalarının digər aspektlərini həll edəcək, həmçinin kömür sənayesində və ümumilikdə istehsal sektorunda vəziyyəti yaxşılaşdıracaq yeni qanunvericiliyin hazırlanması üzərində işə başlamışıq", - Qazaxıstan Prezidentinin xüsusi nümayəndəsi əlavə edib.

S.Süleymenova həmçinin Qazaxıstanın da iştirak etdiyi COP29 iqlim konfransı çərçivəsində ötən il Bakıda keçirilən metan və digər istixana qazları emissiyaları üzrə sammitin əhəmiyyətini vurğulayıb.

"Biz hesab edirik ki, bu cür platformalar çox vacibdir, çünki onlar bizə dünyada mövcud təcrübəni öyrənməyə, eləcə də özümüz üçün prioritetləri müəyyən etməyə imkan verir", - Süleymanova qeyd edib.

Birgə layihələrdən danışan o, Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə COP29 çərçivəsində Avropaya yaşıl enerji tranzitinin inkişafına dair üçtərəfli sənədin imzalandığını xatırladıb:

"Bu gün konfransda Azərbaycanın energetika naziri (Pərviz Şahbazov - red.) bu layihə haqqında danışıb. Hesab edirəm ki, ümumilikdə, ölkələrimiz arasında yaşıl enerji sahəsində qarşılıqlı fəaliyyət potensialı kifayət qədər əhəmiyyətlidir. Biz bilirik ki, dövlət başçılarının qarşılıqlı səfərləri zamanı bir sıra sənədlər imzalanıb".

"Əminəm ki, bu, yalnız başlanğıcdır və gələcəkdə biz daha çox birgə layihələr görəcəyik", - o bildirib. (Report)

 

Oxşar xəbərlər