"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Qaqik Kamalyan deyib. Onun sözlərinə görə, Rusiyanın baş diplomatının İrəvanda bu məsələni qaldırması İranın xoşuna gəlməyib: “Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri çərçivəsində Zəngəzur dəhlizi məsələsi də müzakirə olunub. Təsadüfi deyil ki, Lavrovun səfərindən dərhal sonra İranın Ermənistandakı səfiri Mehdi Sübhani Zəngəzur dəhlizinə qarşı olmadıqlarını söyləsə də, bəyan edib ki, "kommunikasiyalar Ermənistanın suverenliyi altında olmalıdır" . İran səfirinin bu bəyanatı Lavrovun üstüörtülü şəkildə məsələyə toxunması ilə bağlı idimi, ya təsadüfi siqnal?”.
Erməni politoloq bildirib ki, Sergey Lavrov İrəvana səfəri çərçivəsində Ermənistanla ikitərəfli münasibətlərin hazırkı durumu ilə yanaşı, regional kommunikasiyaların açılması məsələsini də gündəmə gətirib. Lakin onun fikrincə, Lavrovdan sonra İranın Ermənistandakı səfirinin Zəngəzur bölgəsinə getməsi və orada jurnalistlərə açıqlamasında məlum bəyanatı səsləndirməsi məhz İranın Rusiyaya cavabıdır: "Mehdi Sübhaninin bəyanatını təsadüfi hesab etmək çətindir. İran regionda qüvvələr balansını dəyişdirə və ya onun strateji maraqlarına təsir edə biləcək dəhlizə qarşı olduğunu davamlı vurğulayır. Mümkündür ki, Lavrovun səfəri zamanı bu məsələ ikitərəfli və ya üçtərəfli formatda müzakirə olunub. İran da bu baxımdan ictimai şəkildə Zəngəzur dəhlizi ilə bağlı öz mövqeyini bir daha təsdiqləməyə çalışıb”.
Xatırladaq ki, Sergey Lavrov 20-21 may tarixlərində Ermənistanda səfərdə olub. Dünən isə İranın Ermənistandakı səfiri Mehdi Sübhani ermənilərin "Sunik" adlandırdığı Zəngəzur bölgəsinə gedərək reguinal məsələlər, xüsusilə kommunikasıyaların açılması barədə İranın mövqeyini jurnalistlər vasitəsilə maraqlı tərəflərə çatdırıb. O, deyib ki, İran bölgədə yolların açılması ilə bağlı Ermənistan Baş naziri Nikol Paşinyanın “Sülh kəsişməsi” layihəsini dəstəkləyir: "“Biz əvvəllər də Ermənistan baş nazirinin “Sülh kəsişməsi” layihəsini alqışlamışıq. Bu, kommunikasiyaların açılması üçün bir fürsət ola bilər. Biz kommunikasiyaların açılmasının əleyhinə deyilik, amma bu, Ermənistanın suverenliyi altında olmalıdır".
Elxan SALAHOV