Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir Ermənistan Azərbaycan normallaşma prosesində hələ ki ciddi addımların olmadığını vurğulayıb:
"Hazırda Ermənistan tərəfindən Azərbaycanın gözləntiləri var. Bu, ərazi iddialarından imtina və ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Bu prosesləri izləyirik. Təmaslar var, amma ciddi addımlar hələ ki, yoxdur"
C.Bayramov qeyd edib ki, Ermənistan Azərbaycana ilk dəfə 2021-ci ilin iyun ayında mina xəritəsini təqdim edib və sonra hissə-hissə sənədlər təqdim olunub.
Həmin xəritələrin dəqiqliyi məsələsini isə nazir belə ifadə edib:
"Bunların yararlılığı 25 faizdən çox deyil. 2020-ci ilin noyabrından sonra azad olunmuş ərazilərdə 400-ə yaxın mina hadisəsi baş verib, nəticədə 70-ə yaxın insan ölüb. Bu hadisələrin baş verdiyi ərazilərin yarısından çoxu ilə bağlı Ermənistan, ümumiyyətlə, mina xəritəsi təqdim etməyib".
Nazirin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsi ilə bağlı artıq bir neçə təmas olub və gələcəkdə də bu yöndə proses davam etdiriləcək.
"Digər istiqamət Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya xətlərinin açılmasıdır. Burada da Azərbaycanın mövqeyi bəllidir. Biz Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik", - C.Bayramov qeyd edib. (Report)