"Vətən səsi" xəbər verir ki, bunu Ermənistandakı “Respublika” Partiyasının sədr müavini Hayk Saakyan bildirib. Erməni mətbuatının yaydığı məlumata görə, siyasətçi eks-prezidenti həm o vaxt, həm də indi yalan danışmaqda ittiham edib: “Mən Köçəryanın çıxışlarını dinləyirəm və heyrətlənirəm. O, silah-sursatdan danışır, Ermənistanın Hindistandan yararsız silah almasından necə üzüldüyünü söyləyir. Deyir ki, ən yaxşı silahlar guya, 1970-1980-ci illərə aid silahlardır. Baxın, indi Ukraynada o silahların başına hansı oyunu açırlar. Rusiyanın hava hücumundan müdafiə sistemləri necə raketlər atır? Baxın. Əgər doğrudan da o dövrün silahları bu cür tərifə layiqdirsə, niyə Qarabağdakı 44 günlük müharibə zamanı burada işləmədi? Ən yaxşı halda o silahlar yararsızdır, ən pis halda Rusiya Ermənistanın hava hücumundan müdafiə sistemini sıradan çıxarıb”.
Saakyan bildirib ki, Köçəryan prezident olarkən, borc müqabilində Ermənistanın mülklərini Rusiyaya verib.
Xatırladaq ki, Robert Köçəryan bundan əvvəl hakimiyyətdə olduğu dönəmdə onun rəhbərliyi ilə “döyüşkən ordu” qurulduğunu, Rusiyadan “yaxşı silahlar” alındığını iddia edib. O, Nikol Paşinyan hökumətini ordunu dağıtmaqda, Hindistan və Fransadan yararsız silahlar almaqda günahlandırıb.
Elxan SALAHOV